“Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub marşrutlarını birləşdirəcək” - Şəhla Cəlilzadə

“III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin də vurğuladığı kimi, Zəngəzur dəhlizi yalnız Azərbaycanın Naxçıvanla birləşməsi üçün nəzərdə tutulan daxili nəqliyyat marşrutu deyil. Bu dəhliz, eyni zamanda Qlobal Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin həlledici, çatışmayan bir hissəsini təşkil edir. Belə ki, Çindən Qırğızıstan, Özbəkistan və Türkmənistan üzərindən keçərək çəkilən dəmir yolu xətti artıq fəaliyyətə başlayıb. Bu infrastruktur Azərbaycanın ərazisindən keçməklə Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan isə Avropaya, xüsusilə Qərbi Avropaya qədər yüklərin daşınmasına imkan yaradacaq. Bu isə Qlobal Şərq-Qərb dəhlizinin tam reallaşması deməkdir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin region ölkələri üçün geoiqtisadi əhəmiyyətini vurğulayıb. O, layihənin yalnız Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, daha geniş coğrafiya üçün faydalı olacağını bildirib. Ərdoğan tərəfləri konsensusla məsələnin həllinə çağırıb və dəhlizin barışıq simvoluna çevrilə biləcəyinə ümid etdiyini deyib.

Siyasi şərhçi bildirib ki, digər tərəfdən, dəhlizin Şərqi Zəngəzurdan İran ərazisinə keçməsi və yüklərin oradan Fars körfəzinə daşınması, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolunun məhz Azərbaycanın bu regionundan keçəcəyini göstərir.

“Bu dəhlizin digər qolu Astara üzərindən İranın Astara şəhərinə, daha sonra Rəşt vasitəsilə Hindistana qədər uzanacaq. Beləliklə, Azərbaycan qlobal miqyasda strateji tranzit habına çevriləcək. Bu layihənin reallaşması təkcə Azərbaycanın deyil, regionun bütün ölkələrinin maraqlarına cavab verir. Layihə tranzit gəlirləri ilə yanaşı, ölkəyə xarici investisiyaların cəlb olunmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə və ümumilikdə iqtisadi potensialın artmasına şərait yaradacaq. Bu, həm də ölkələrin milli maraqlarına xidmət edəcək. Lakin Ermənistan bu prosesdə hələ də qeyri-konstruktiv mövqedə qalmaqda davam edir. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən artıq beş il keçməsinə baxmayaraq, Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir real addım atmır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əgər Ermənistan konstruktiv dialoqa gəlməzsə, o, dalan ölkə olaraq qalacaq və özünü qlobal nəqliyyat dəhlizlərindən təcrid etmiş olacaq. Bu isə onun tranzit ölkəyə çevrilmək imkanlarını tamamilə aradan qaldıracaq. Əksinə, Ermənistan konstruktiv əməkdaşlığa hazır olarsa, bu dəhlizdən böyük iqtisadi və siyasi dividentlər əldə edə bilər”.

Siyasi şərhçi əlavə edib ki, Əbu Dabidə keçirilən son görüşdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan təmas, bu istiqamətdə müəyyən müsbət impulsların yarandığını göstərir:

“Bundan əlavə, son günlər yayılan məlumatlara əsasən, Ermənistan Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunması məsələsini ABŞ-a həvalə edib. Bu kontekstdə ictimai mediada dəhlizin “Tramp körpüsü” adı ilə tanınması da diqqət çəkib. Eyni zamanda Türkiyənin Qars və Dilucu arasında dəmir yolu xətti layihəsi üzrə 2.4 milyard avro həcmində investisiya razılaşması əldə etməsi də Zəngəzur dəhlizinin açılması istiqamətində real addımların atıldığını göstərir. Bütün bu proseslər Avropa Birliyi və ABŞ-ın regionda, o cümlədən Azərbaycan-Ermənistan münasibətləri kontekstində aktiv siyasət yürütdüyünü və Ermənistanın konstruktiv mövqeyə təşviq olunacağını göstərir. Nəticə etibarilə, Zəngəzur dəhlizi böyük bir qlobal nəqliyyat arteriyası olaraq region və regiondan kənar ölkələr üçün geniş imkanlar açacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az