Oqtay Qasımov: “Suriya Türkiyənin dəstəyinə real ehtiyac duyur”

“Suriyadakı hakimiyyətin Türkiyədən rəsmi yardım istəməsi, sözsüz ki, hərbi yardımı nəzərdə tutur. Bu, gözlənilən idi. Çünki artıq 2011-ci ildən bəri Suriyada mərkəzləşmiş dövlət sisteminin qurulması mümkün olmur. Bunun bir sıra səbəbləri var: 14 ildir davam edən vətəndaş müharibəsi nəticəsində ölkənin silahlı qüvvələri dağılmış, müxtəlif silahlı qruplaşmalar formalaşmışdır. Həmçinin ölkənin etnik və dini tərkibi olduqca müxtəlifdir. Ölkədə marağı olan xarici dövlətlərin – xüsusilə də İsrailin – bu proseslərə müdaxiləsi vəziyyəti daha da mürəkkəbləşdirir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Qeyd edək ki, Suriya müdafiə qabiliyyətinin gücləndirilməsi və terrorçularla mübarizə məqsədilə Türkiyədən rəsmi yardım istəyib. Ölkə daxilində druz silahlı birləşmələri ilə yerli qüvvələr arasında qarşıdurmalar və İsrailin müdaxiləsi bu çağırışın gündəmə gəlməsinə səbəb olub. Ankara indiyədək məsələyə diplomatik yanaşıb və Dəməşqə dəstəyini vurğulayıb. Eyni zamanda PKK-nın silahları təhvil verməsi ilə bağlı açıqlamasından sonra Suriyanın məhz Türkiyədən yardım istəməsi diqqət çəkir.

Politoloqun sözlərinə görə, Ankara bu proseslərə eyni zamanda öz milli təhlükəsizliyi prizmasından yanaşır.

“İsrailin son addımları təkcə gərginliyi artırmır, həm də yeni təhlükələri gündəmə gətirir. Görünən odur ki, Suriyanın daxilindəki kövrək sabitlik istənilən anda pozula bilər. Bu isə ölkədə terrorçu qruplaşmaların yenidən fəallaşması üçün münbit zəmin yarada bilər. Belə bir ssenari isə Türkiyənin milli təhlükəsizliyi baxımından ciddi təhdiddir. Məhz bu səbəbdən Suriya hakimiyyəti Türkiyəni dəvət edir. Çünki mərkəzi hakimiyyətin formalaşması, ölkənin təhlükəsizliyi və ərazi bütövlüyü, suverenliyinin qorunması üçün Türkiyənin dəstəyinə ehtiyac duyulur. Qeyd etmək lazımdır ki, İsrail bir müddət əvvəlki hücumlarında Suriya prezidentinin iqamətgahını və Baş Qərargah binasını hədəf almışdı. Bu isə ölkədəki böhranın nə qədər dərin olduğunu göstərir. Bütün dini və etnik qrupları əhatə edəcək mərkəzləşmiş bir sistemin qurulmasında maraqlı olan Türkiyə, Suriyadan gələn bu yardım çağırışına müsbət reaksiya verdi. Hesab edirəm ki, bu addım Suriyada vəziyyətin normallaşmasına, müxtəlif silahlı dəstələrin vahid bir mərkəz ətrafında birləşməsinə, buna tabe olmayanlara qarşı isə konkret tədbirlərin görülməsinə zəmin yarada bilər. Bu səbəbdən Suriyada baş verən iğtişaşların, üsyanların, qiyamların və separatizmin yatırılmasında Türkiyənin dəstəyinə ciddi ehtiyac var. Düşünürəm ki, bu addım Suriyada sabitliyin və normallaşmanın bərqərar olmasına töhfə verə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az