- Redaktor masası
- 23 İyul 17:25
- 6 014
Həqiqətsonrası çağda intellektual media: Epistemoloji suverenliyimizə yeni baxış

“Müasir media mədəniyyətinin formalaşdırılmasında məsuliyyətli, yaradıcı, intellektual və peşəkar jurnalistikanın aparıcı rolu danılmazdır”.
Bu sitatın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlət başçısı Milli Mətbuatımızın 150 illik yubileyi münasibəti ilə media nümayəndələrinə ünvanladığı məktubda, gördüyünüz kimi, intellektual jurnalistikaya xüsusi önəm verir. İlham Əliyev həm Azərbaycan siyasətçiləri, həm də dünyadakı dövlət başçıları arasında öz dərin intellekti ilə xüsusi seçilir və sözün açığı, hər kəsi qabaqlayır. Dəfələrlə şahid olmuşuq ki, onun hər hansı bir çıxışda, bəyanatda, müraciətdə işlətdiyi, ümumi kontent içərində bəzən dərhal nəzərə çarpmayan ifadələr, əslində, böyük və taleyüklü bir paradiqma kimi cəmiyyətimizin qarşısında dayanan əsas vəzifələri ifadə edir. Başqa sözlə, İlham Əliyev öz dərin intellekti ilə çoxdan çözdüyü, sadələşdirdiyi və sistemli bir mətndə istifadə etdiyi anlayışlarla lideri olduğu cəmiyyəti öz arxasınca aparmaq üçün yeni baxış bucağı yaradır. Cənab Prezidentin peşə bayramımızda bizlərə ünvaladığı müraciətində təqdim olunan rakurs xüsusilə önəmlidir ona görə ki, biz azərbaycanlılar dünyanın qalan bütün xalqları ilə birgə "həqiqətsonrası çağda" yaşayırıq.
“Həqiqətsonrası”- "Post-truth" termini ilk dəfə 1992-ci ildə amerikalı yazar Stiv Tesiç tərəfindən işlədilmişdi. Tesiçin fikrincə, “Watergate” qalmaqalı, “Körfəz müharibəsi” kimi hadisələr Amerika xalqının həqiqətlə olan münasibətinə dərin təsir göstərib. Bu hadisələrdən sonra insanlar həqiqəti pis xəbərlə eyni dərəcədə dəyərləndirməyə başlamış və həqiqətdən çəkindimişlər. Daha sonra bu termin intellektual çevrələrdə xeyli populyarlaşdı, beynəlxalq ictimai rəyin formalaşmasında yalanın necə normaya çevrildiyi geniş təhlil olundu. 2016-cı ildən sonra- “Brexit” referendumu və ABŞ-dakı prezident seçkiləri ərəfəsində bu termin daha geniş diskurs qazandı. Oksford Lüğəti həmin il bu ifadəni “obyektiv faktların ictimai rəyə təsirinin, duyğular və şəxsi inanclarla müqayisədə azaldığı şərait” kimi təqdim etdi.
Tədqiqatçılara görə, bu dövrün əsas xüsusiyyətləri:
- Fakt və fikrin bir-birinə qarışması, fərdi inancın faktı əvəz etməsi;
- Emosiyaların rasional düşüncəni üstələməsi, yəni informasiya qəbulunda hisslərin dominantlıq qazanması;
- Sosial media alqoritmlərinin informasiya qəbulu üzərində hegemonluğu;
- Dezinformasiyanın və manipulyativ məzmunların sürətlə yayılmasıdır.
Belə bir şəraitdə, cəmiyyətlərdə həqiqət devalvasiyaya uğrayır, intellektual böhran yaranır, epistomoloji suverenlik təhdid altına düşür. Bu tendensiyaları incələməyə keçməzdən öncə bir vacib məqama toxunmağa xüsusi lüzum var. Azərbaycan cəmiyyəti üçün HƏQİQƏT uzun on illiklər ərzində neqativ, təhlükəli, ədalətsiz olub.
Bu yanaşma birmənalı olaraq tarixi asılılıqlarımızdan irəli gəlir.
Məsələn, 1992-ci ilin mayında Şuşanın və Laçının işğal altına düşməsi həqiqət idi, “kaş bu xəbər yalan olaydı” dediyimiz gerçəklik idi, amma acı, məyusedici, depressiv bir gerçək.
Məsələn, 20 yanvar qətliamı, Xocalı soyqırımı, ötən ilin sonlarında AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması həqiqət idi, amma qanlı həqiqət.
Məsələn, biz 30 il boyunca dünyaya torpaqlarımızın işğalı faktını və suverenlik haqqımızdan doğan digər həqiqətləri təqdim etdik, eşitmək, görmək, nəticə çıxarmaq istəmədilər. Müstəqil bir dövlətin ərazisinin işğal edilməsinə, yüzminlərlə insanın malının-mülkünün talan olunmasına, öz evlərindən, öz lokal mühitlərindən didərgin salınmasına “müzakirə predmeti” kimi yanaşdılar. Həqiqətin beynəlxalq səviyyədə heçə sayılması Azərbaycan cəmiyyətinin ədalət gözləntisini puç etdi.
Prezident İlham Əliyevin sərkərdəliyi ilə gerçəkləşən İkinci Qarabağ Savaşında qazanılan tarixi zəfərlə Azərbaycan neqativ tarixi asılılıqlarını böyük ölçüdə məhv etməklə bərabər, həqiqət diskursunu da dəyişdi. İşğal faktının aradan qaldırılması və işğal faktına bağlı həqiqətin Azərbaycan ictimai şüuru üçün qorxulu, məyusedici və ədalətsiz çalarları Prezident Əliyevin “Qarabağ Azərbaycandır!” nidasının ifadə etdiyi epistemoloji hökmlə tənəzzülə uğradı. Bu şüarı bir qədər təhlil etməyə ehtiyac var ona görə ki, hamımızın yaxşı bildiyi kimi, Çar müstəmləçiliyi və totalitar sovet ideologiyası Azərbaycan cəmiyyətini yalanla yaşamağa alışdırmaq istəyib, müstəqillikdən sonrakı dövrdə Qərb və Rusiya informasiya sistemləri arasında cəmiyyətimizin epistemoloji asılılıqları davam edib, Qarabağ münaqişəsi müstəvisində haqlı tərəf olduğumuz halda, beynəlxalq “həqiqət istehsalı” prosesindəki iştirakımız təzyiq altında saxlanılıb. Çar dövründə o qədər də böyük tirajı olmayan Azərbaycan nəşrlərinə senzura tətbiq edilir, bolşeviklər ictimai şüura öz "partiya həqiqətləri"ni diktə edir, Qərb mediası ən yaxşı halda (!), işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanının mövqeyini balanslaşdırır, Rusiya kütləvi informasiya vasitələri dövlət müstəqilliyimizə hörmət hissini özünə yaxın buraxmırdılar. Bu gün də belədirlər, sadəcə, Azərbaycan bayrağının Xankəndidə dalğalanması ilə, belə demək olarsa, həqiqətin məsələsi kökündən dəyişib.
Əvvəla, cəmiyyətimiz üçün tam aydın olub ki, həqiqət həm fakt, həm də milli maraqlarla müəyyənləşir. Bu yanaşma özü-özlüyündə “obyektivlik” anlayışını dekonstruksiya edir və onun yerinə milli strateji obyektivliyi qoyur.
Yaranan yeni reallıq, eyni zamanda, epistemoloji suverenliyimizi- cəmiyyətin həqiqətin nə olduğunu müəyyənləşdirmək və onu öz daxili idrak resursları ilə dəyərləndirmək, yəni, məlumatlara öz intellektual müstəqilliyi ilə reaksiya vermək ixtiyarını yenidən strukturlaşdırır. Mənim anlamımda, əgər siyasi suverenlik dövlətin öz sərhədləri və idarəetməsi üzərində tam hakimiyyətini ifadə edirsə, epistemoloji suverenlik cəmiyyətin öz informasiya mühitinə, bilik sisteminə və həqiqətə münasibətinə sahib çıxması deməkdir. Fəqət məhz bu epistemoloji suverenliyimizə tam mənada sahib çıxa bilməyimiz üçün bizə yeni bir anlayış lazımdır. Bakı Dövlət Universitetinin “fəlsəfə” və “fəlsəfə tarixi” ixtisaslarının bakalavr və magistr pillələrindən məzun olmuş, həmçinin həmin universitetdə ali hüquq təhsili almış və nəhayət Azərbaycan mətbuatında 30 illik təcrübəsi olan bir analitik kimi, icazənizlə, öz üzərimə böyük bir məsuliyyət götürüb, həmin anlayışı təqdim edim.
Bu anlayış, zənnimcə, nisbətən qısa şəkildə “Həqiqətsonrası bərpa olunmuş həqiqət” ("Post-truth restored truth"), daha konseptual formada isə, “Yenidən məzmunlaşdırılmış həqiqətsonrası həqiqət” (“Recontextualized Post-truth Truth”) şəklində təqdim edə bilərik.
Həqiqətsonrası çağda informasiya ilə emosiya arasındakı arasında dəyişən münasibətə, mənanın zamanla necə fərqləndiyinə çox sadə bir misal çəkmək istəyirəm. Bir zamanlar Bakıdan Bərdəyə gedəndə Şuşaya, Kəlbəcərə, Laçına olan məsafəni əks etdirən məlumat lövhələrinə rast gələr, kədərlənərdik. Amma bu gün- torpaqlarımız azadlığa qovuşandan sonra eyni lövhələrdəki eyni məlumatların həqiqət olduğunu bilirik,- dünən də bilirdik- amma ona, DİQQƏT EDİN, bərpa olunmuş ədalətin göstəricisi kimi baxırıq. Ki, yazının əvvəllərində Azərbaycan cəmiyyətinin həqiqətə baxışındakı neqativ səciyyənin kökündə məhz ədalətlə bağlı "universal problemlər"in dayandığını açıqlamışdıq.
Odur ki, Azərbaycan mediasının dünyanın qalan heç bir ölkəsi üçün spesifik olmayan və bizim üçün ən başlıca sayılan milli bir missiyası var- “Həqiqətsonrası bərpa olunmuş həqiqətləri” yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq!
(Ardı var)
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru