“Əgər bu baş verərsə, bu Paşinyanın siyasi sonu olacaq” - Siyasi şərhçi

“Əgər bu məlumat həqiqətən də rəsmi şəxslərə və faktlara söykənirsə, bu, çox ciddi və bir o qədər də təhlükəli məqamdır. Çünki Zəngəzur dəhlizinin açılması bizim üçün hansı baxımdan vacibdirsə, biz ona uyğun yanaşmalıyıq. Yəni Zəngəzur dəhlizi elə şəkildə açılmalıdır ki, Cənubi Qafqazda bu layihədən sonra sabitlik, rifah və iqtisadi inkişaf təmin olunsun. Amma əgər ABŞ-ın istər ordu hissələri, istərsə də hər hansı özəl hərbi şirkəti vasitəsilə bölgəyə 1000 nəfərlik silahlı şəxslər – istər rəsmi, istər qeyri-rəsmi şəkildə – göndəriləcəksə, bu, Ermənistanın ikinci Suriya və ya İraq modelinə çevrilməsi deməkdir. Rusiya bununla heç vaxt razılaşmaz. Nəticədə oradakı Rusiya bazasına “hazır ol” əmri veriləcək, ardınca isə hücum qərarını Kreml verəcək. Bu, kifayət qədər təhlükəli və ciddi məsələdir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Ermənistanın Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşdığı iddia olunur. Bu barədə İspaniyanın “Periodista Digital” nəşrində yayımlanan məqalədə bildirilir ki, Azərbaycan, Ermənistan və ABŞ arasında gizli memoranduma əsasən dəhliz açılacaq və “Tramp körpüsü” adlandırılacaq. Həmçinin ABŞ-ın özəl hərbi şirkətinə məxsus 1000-ə yaxın əməkdaşın Ermənistana yerləşdirilməsi nəzərdə tutulur. Məqalənin erməni diasporunun sifarişi ilə yazıldığı qeyd edilir və iddia olunan sənəd Ermənistan rəhbərliyi tərəfindən “milli xəyanət”, İran və Aİ-yə qarşı addım kimi dəyərləndirilir.

Siyasi şərhçi bildirib ki, Ermənistan tərəfinin Zəngəzur dəhlizi ətrafında bu cür oyunlara razılıq verəcəyini düşünmürəm.

“Əgər versə, bu, Paşinyanın siyasi sonu olacaq. Çünki daxildə vətəndaş qarşıdurması qaçılmazdır. Bu proses yalnız Ermənistanla bitməyəcək. Ermənistan daxilindəki qarşıdurma Azərbaycanın da maraqlarına uyğun deyil. Çünki Ermənistanın daxili sabitliyinin pozulması siyasi qeyri-müəyyənliyə gətirib çıxaracaq. Əgər bu dəfə rusiyayönlü qüvvələr üstünlük qazanarsa, ölkə faktiki olaraq Rusiyanın bir vilayətinə çevrilə bilər. Nəticədə Ermənistan yenidən Koçaryan–Sarkisyan dövründəki kimi anti-Azərbaycan və anti-Türk mərkəzinə çevriləcək. Bu səbəbdən, ABŞ hərbçiləri və ya özəl hərbi şirkətlər əvəzinə, tamamilə sivil əsaslarla bir razılaşma əldə edilməlidir. Dəhliz elə açılmalıdır ki, nə Rusiya, nə də İran buna bəhanə tapa bilsin. Əgər Ermənistana Qərbdən hərbi qüvvə gətirilərsə – istər rəsmi ordu, istər özəl hərbi şirkət – bu, Qərb müdaxiləsi kimi qəbul olunacaq və qarşı tərəfə cavab tədbirləri üçün əsas yaradacaq. Bu nöqtədə mən Paşinyanın da bu qədər düşüncəsiz biri olmadığını hesab edirəm. Düşünmürəm ki, o belə bir addım atsın. Ola bilsin, bu məlumatlar Zəngəzur dəhlizinin açılmasına qarşı olan qüvvələrin yaydığı dezinformasiyadır. Məqsəd Ermənistan cəmiyyətini çaşdırmaq, Paşinyana qarşı əhval-ruhiyyəni artırmaq və onun üzərində təzyiq qurmaqdır”.

Siyasi şərhçi əlavə edib ki, Zəngəzur dəhlizi sivil əsaslara söykənən bir layihədir:

“Onun həyata keçirilməsi də eyni şəkildə sivil olmalıdır. Buraya nə Rusiya, nə İran, nə ABŞ, nə də Fransa tərəfindən hər hansı rəsmi və ya qeyri-rəsmi hərbi qüvvə gətirilməməlidir. Azərbaycanın məqsədi Ermənistana hücum deyil, bu yol vasitəsilə iqtisadi əlaqələri inkişaf etdirməkdir. Belə olduqda, xarici hərbi qüvvələrin oraya gətirilməsi nə məntiqə, nə də məqsədəuyğundur. Ümid edirəm ki, Ermənistan belə bir səhv addım atmaz və Cənubi Qafqazın siyasi-hərbi sabitliyini pozmaq istəyənlərə yeni fürsət yaratmaz”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.z az