“Valyuta bazarında sabitlik davam edəcək” – Xalid Kərimli

“Azərbaycan Mərkəzi Bankının (AMB) gözləntisi ondan ibarətdir ki, yaxın müddətdə valyuta bazarında stabillik davam edəcək. Bu proqnoz bir neçə əsas faktora əsaslanır. İlk növbədə, Mərkəzi Bank qeyd edir ki, ilin ilk altı ayı üzrə tədiyyə balansı profisitlə (yəni müsbət saldo ilə) bağlanıb və bu tendensiyanın növbəti dövrlərdə də davam edəcəyi gözlənilir. Cari əməliyyatlar balansının sabit qalması üçün əsas şərtlərdən biri neftin qiymətidir. Proqnozlara əsasən, neftin qiyməti 60–65 dollar aralığında qalacaq. Bu isə ölkəyə daxil olan valyuta axınlarının sabit qalmasını təmin edə bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf diapazonunda qalacağını proqnozlaşdırır. AMB-nin yaydığı məlumata görə, baza ssenarisi əsasında hazırlanmış iyul proqnozlarına əsasən, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% səviyyəsində olacağı gözlənilir. “Cari ildə inflyasiya proqnozlarının davamlı şəkildə hədəf çərçivəsində qalması və valyuta bazarında sabitliyin qorunması, pul-kredit siyasətinin yumşaldılması üçün əlverişli şərait yaradır,” – deyə məlumatda bildirilir.

Ekspert bildirib ki, valyuta bazarındakı sabitliyə təsir edən digər mühüm amil isə Mərkəzi Bankın bu sahədə yeni alətlər təqdim etməsidir.

“Belə ki, Mərkəzi Bank bu günlərdə yeni bir hedcinq (hedging) aləti təqdim edib. Bu mexanizm çərçivəsində, kiçik və orta sahibkarlıq subyektləri, eləcə də banklar və bank olmayan kredit təşkilatları (BOKT-lar) xaricdən valyuta cəlb edə və həmin vəsaitləri manata çevirə bilərlər. Mərkəzi Bank isə bu əməliyyatlarda məzənnə riskini öz üzərinə götürəcək. Bu, bazarda əlavə valyuta təklifini stimullaşdırmaqla sabitliyə töhfə verə bilər. Hazırda təxminən 10 bankın bu mexanizmdən yararlanmaq niyyətində olduğu bildirilir. Ümumilikdə Mərkəzi Bank hesab edir ki, yaxın 1–2 ildə valyuta bazarında ciddi çətinliklər gözlənilmir. Bununla belə, valyuta bazarındakı sabitliyi riskə ata biləcək bir neçə amil də mövcuddur. Ən başlıca risk amili — neftin qiymətlərində kəskin azalmadır. Neft hasilatında azalmanın davam etdiyi bir şəraitdə qiymətlərin də sürətlə düşməsi tədiyyə balansına mənfi təsir edə bilər. Digər risk isə psixoloji amillərlə, xüsusən də əhalinin davranışı ilə bağlıdır. Yəni, əgər insanlarda panika yaranarsa və hamı birdən-birə maaşını valyutaya dəyişməyə başlasa, bu bazarda gərginlik yarada bilər. Belə hallar adətən enerji qiymətlərinin azalması fonunda müşahidə olunur və bu zaman insanların psixoloji reaksiyası valyuta bazarında qeyri-sabitlik yarada bilər. Mərkəzi Bank bu riskləri nəzarətdə saxlamağa çalışsa da, valyuta bazarının sabitliyi həm daxili, həm də xarici faktorlarla sıx bağlı olaraq qalır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az