“Ermənistanda seçkilər ərəfəsində siyasi və dini qarşıdurma artır” – Elşad Mirbəşiroğlu

“Rusiyayla Ermənistan arasında Paşinyan hakimiyyətə gəldiyi gündən ciddi ziddiyyətlər yaranıb. Paşinyan anti-Rusiya mövqeyi ilə seçildiyi üçün Qərb dairələri ona siyasi kapital olaraq dəstək verib və hakimiyyətə gətiriblər. Paşinyanın rəhbərlik etdiyi “Çıxış Hərəkatı” açıq şəkildə bildirib ki, Ermənistan Rusiyanın qurduğu platformalarda olmamalıdır. Bu, Avrasiya İqtisadi İttifaqı və digər Rusiya mərkəzli təşkilatlar üçün problem idi. 2018-ci ildə KTMT-nin baş katibi, erməni əsilli Yuri Xaçaturova qarşı Ermənistanda cinayət işinin açılması oldu. Ona qarşı 2008-ci il 1 mart hadisələrinə görə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürüldü. Nəticədə Xaçaturov vəzifəsindən geri çağırıldı və bu hadisə Rusiya-Ermənistan münasibətlərində ciddi gərginlik yaratdı. Nəticədə Ermənistanın Rusiya platformalarında fəaliyyəti demək olar ki, iflic vəziyyətinə düşdü”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu deyib.

Xatırladaq ki, Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə gərginləşir. Artıq Kremlə yaxın erməni əsilli siyasətçilər və jurnalistlər, o cümlədən tanınmış simalar baş nazir Nikol Paşinyanı açıq şəkildə hədəf alırlar. “RT” telekanalının rəhbəri Marqarita Simonyan Paşinyanı Erməni Apostol Kilsəsinə qarşı çıxmaqda ittiham edərək, onu devirməyə çağırıb. Simonyan erməni xalqını dövlətçiliyi qorumaq naminə birliyə səsləyib.

Siyasi şərhçi bildirib ki, hazırda Ermənistan bu qurumların üzvü kimi hüquqi statusunu qoruyub saxlayır, lakin faktiki iştirakdan imtina edir.

“Bu səbəbdən 2018-ci ildən sonra Rusiya ilə Ermənistan arasında münasibətlər mürəkkəb və ziddiyyətlidir. Ermənistan Avrasiya İttifaqı, MDB və digər platformalarda formal olaraq iştirak edir, amma Paşinyan rejimi Rusiyanın siyasi dairələrində qəbul edilmir. Paşinyanın hakimiyyətə gəlməsi Qərbin Rusiyaya qarşı geosiyasi mübarizəsinin bir hissəsidir və Kremldə bunun fərqindədirlər, ona görə də Paşinyana qarşı münasibət soyuqdur. Son dövrlərdə münasibətlərdə ciddi gərginlik var. Paşinyan rejimi ilə Ermənistan Apostol Kilsəsi arasında da gərginlik mövcuddur. Paşinyan ölkənin ən nüfuzlu qurumu olan Apostol Kilsəsini tam nəzarət altına almaq istəyir və bu istiqamətdə Qərbdən dəstək alır. Bir neçə gün öncə Paşinyanın Brüssel səfəri zamanı Ermənistana əlavə 5 milyard avro maliyyə yardımı verilməsi qərara alındı. Bu vəsait əsasən müstəqil medianın dəstəklənməsinə yönəldiləcək və Paşinyanın gələcək parlament seçkilərində dəstəyini gücləndirəcək. Növbəti parlament seçkiləri təxminən bir ildən sonra keçiriləcək və Qərb Brüsseldən Paşinyana həm siyasi, həm də maddi dəstək verməyə hazırdır. Bu səbəbdən Ermənistanda vəziyyətin gələcəkdə daha da gərginləşəcəyi gözlənilir. Rusiya Paşinyan vasitəsilə Qərbin bölgədə geosiyasi platforma yaratmaq istədiyini anlayır və buna qarşı tədbirlər görür. Kremldə Paşinyan arzuedilməz şəxs kimi qiymətləndirilir və ona qarşı müxtəlif çıxışların olması ehtimalı yüksəkdir”.

Siyasi şərhçi əlavə edib ki, gələn il keçiriləcək parlament seçkilərinin kifayət qədər gərgin keçəcəyi gözlənilir, çünki müxalifət və Apostol Kilsəsi Paşinyan hakimiyyətinə qarşı birgə və vahid mövqe nümayiş etdirir:

“Kilsənin rəhbərliyinin dövlət təsirindən azad edilməsi məsələsində də ciddi qarşıdurma var. Paşinyan 2018-ci ildəki kimi yenidən kilsədə qərarları öz xeyrinə dəyişmək istəyir və bunun üçün qərbdən dəstək alır. Apostol Kilsəsində rəngli inqilab mexanizmi tətbiq etmək istəyi açıqdır və bu, Qərbin planlarının bir hissəsidir. Ümumilikdə, Ermənistandakı proseslərdə Qərbin Paşinyana birbaşa dəstəyi davam edir. Rusiya isə bu vəziyyətə sərt reaksiya vermək ehtimalını nəzərə almalıdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az