Arıçılıq və quşçuluğun sığortalanması kənd təsərrüfatına nə vəd edir? - ŞƏRH

Azərbaycanda kənd təsərrüfatının spesifik sahələri olan quşçuluq və arıçılıq təsərrüfatlarının sığortalanması istiqamətində yeni hüquqi və institusional addımlar atılır. Aqrar Sığorta Fondunun bu sahəyə dair qanunvericilik təşəbbüsü bu iki sektorun davamlı inkişafı və risklərin effektiv idarə olunması baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər. Bu təşəbbüs çərçivəsində qanunvericiliyə və normativ-hüquqi aktlara dəyişiklik layihələrinin hazırlandığı açıqlanıb. İndiyədək aqrar sığorta çərçivəsində daha çox ənənəvi bitkiçilik və heyvandarlıq təsərrüfatları sığortalanırdısa, yeni mərhələdə arıçılıq və quşçuluğun da bu çevrəyə daxil edilməsi geniş spektrli məhsuldar təsərrüfatların təhlükəsizliyini gücləndirə bilər.

Statistik məlumatlar göstərir ki, təkcə 2024-cü ildə Azərbaycanda 30 minə yaxın arıçılıq təsərrüfatında 579 min arı ailəsi mövcud olub. Lakin bu göstərici 2023-cü illə müqayisədə 3.1 faiz azalma ilə müşahidə olunub. Bununla yanaşı, arı südü, vərəmum və mum kimi məhsullarda müsbət dinamika qeydə alınsa da, arı xəstəlikləri nəticəsində bəzi göstəricilərdə eniş baş verib. Belə bir şəraitdə təsərrüfat subyektlərinin gəlir itkisinə məruz qalmaması və istehsal potensialının qorunması üçün sığortalanma zərurəti daha da aktuallaşır. Arı ailələrinin sayında müşahidə olunan azalma, həmçinin bəzi məhsullarda qeydə alınan kəskin dəyişikliklər arıçılığın həssas sektor olduğunu və bu sahədə risklərin proqnozlaşdırıla bilməyəcəyini bir daha göstərir.

Digər tərəfdən, quşçuluq sahəsində Azərbaycanın ildə 2 milyarda yaxın yumurta istehsal etməsi bu sahənin yalnız daxili tələbatı deyil, ixrac imkanlarını da əhatə edən ciddi potensiala malik olduğunu təsdiqləyir. Gündəlik 4-4.5 milyon ədəd yumurta istehsal edən bu sahədə hər hansı infeksion xəstəlik, istehsal dayanması və ya digər bioloji risklər məhsuldarlığa birbaşa təsir göstərə bilər. Quşçuluq təsərrüfatlarının sığortalanması bu baxımdan həm istehsalçının, həm də bazarın sabitliyini qorumaq üçün effektiv alət hesab edilə bilər. Əlavə olaraq, quşçuluqda tez-tez baş verən xəstəliklər və onların regional təsirləri bəzən iri təsərrüfatların sıradan çıxmasına səbəb olur ki, bu da ərzaq təhlükəsizliyi və qiymət sabitliyi baxımından həssaslıq yaradır.

Aqrar Sığorta Fondunun bu iki sektora yönəlmiş sığorta təşəbbüsü bu sahələrdə dayanıqlı idarəetmə modellərinin qurulmasına imkan verəcək. Sığorta yalnız riskin ötürülməsi vasitəsi deyil, həm də təsərrüfatlarda idarəetmə mədəniyyətinin, planlaşdırma və monitorinq bacarıqlarının artmasına səbəb ola bilər. Qanunvericilikdə ediləcək dəyişikliklər fondun fəaliyyət çevrəsini genişləndirməklə yanaşı, kənd təsərrüfatı subyektlərinin sığortaya çıxış imkanlarını artıracaq və bu, sektorun institusional dayanıqlığını möhkəmləndirəcək. Nəticədə həm fərdi istehsalçılar, həm də ümumi kənd təsərrüfatı sistemi bioloji və təbii risklərə qarşı daha dözümlü olacaq.

Aqrar istehsalın ənənəvi sahələrindən fərqli olaraq, arıçılıq və quşçuluq daha tez nəticə verən, lakin eyni zamanda daha həssas sektorlar hesab olunur. Onların sığortalanması yalnız məhsulun dəyərini deyil, həm də istehsalçıların sosial rifahını, kənd yerlərində məşğulluğu və ümumi ərzaq təhlükəsizliyini qorumaq baxımından çoxşaxəli nəticələrə səbəb ola bilər. Bununla yanaşı, bu sahələrin sığortalanması ixrac yönümlü məhsulların həcminin stabil saxlanmasına və beynəlxalq bazarlarda təchizat sabitliyinin qorunmasına da yardımçı olacaq.

Nuray,

Aznews.az