- Siyasi müzakirə
- 24 İyul 17:33
- 3 068
“Mübariz Göyüşlü: ‘Gümrüyə hərbi reyslər təsadüfi deyil, Kreml narazıdır’”

“Düşünürəm ki, Rusiyanın Gümrüdə hərbi bazasının mövcudluğu nəzərə alınaraq hərbi yük təyyarələrinin enməsi və qalxması təbii və zəruri bir haldır. Hərbi hissənin təmin olunması üçün bu cür logistik əməliyyatlar aparılmalıdır. Lakin hazırda Rusiyanın Ermənistanla birbaşa quru sərhədi yoxdur. Belə olan halda, hərbi yük daşımalarının hava yolu ilə həyata keçirilməsi normal sayılır. Ancaq əgər indi 12 reys həyata keçirilibsə və bu normadan artıq kimi qiymətləndirilirsə, burada Rusiyanın hansısa xüsusi maraqlarının olduğu ehtimalı ortaya çıxa bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında müşahidə olunan gərginlik artıq müxtəlif sahələrdə özünü göstərməyə başlayıb. Son günlər Rusiyaya məxsus hərbi yük təyyarələrinin Ermənistana intensiv uçuşları ilə bağlı yayılan məlumatlar bu narahatlığı daha da artırıb. Bildirilir ki, son 10 gün ərzində 12 belə reys həyata keçirilib — 10-u Gümrüyə, 2-si isə birbaşa İrəvana yönəlib. Rəsmi Moskva bu barədə şərh verməsə də, erməni mənbələri uçuşların təsadüfi olmadığını bildirir. Məlumata görə, Paşinyanın oliqarxlar və kilsəyə qarşı atdığı addımlar, eləcə də Əbu-Dabidə keçirilən görüş Kremldə narazılıqla qarşılanıb.
Siyasi şərhçi bildirib ki, bu məsələ fonunda Ermənistanda baş verən bəzi siyasi prosesləri də nəzərə almaq lazımdır.
“Məsələn, Ermənistanın baş naziri Paşinyanın ölkə daxilindəki rusiyapərəst oliqarxlarla və kilsənin təsiri ilə bağlı atdığı addımlar Rusiya tərəfindən narahatlıqla qarşılanmış ola bilər. Əgər bu narazılıqlar nəticəsində Rusiya hərbi təyyarə uçuşlarını artırıb və bu fəaliyyətlər Ermənistanda hakimiyyət dəyişikliyi və ya çevriliş cəhdi məqsədilə həyata keçirilirsə, bu, qətiyyən qəbulolunmazdır və mən bu cür niyyətləri pisləyirəm. Açıq şəkildə demək lazımdır ki, Rusiya artıq Cənubi Qafqazla bağlı bu cür yanaşmalardan imtina etməlidir. Hətta Ermənistan belə olsa, bölgədəki ölkələrdə daxili siyasi proseslərə müdaxilə etməməli, proseslər demokratik yolla getməlidir. Dövlətlər və xalqlar öz talelərini özləri müəyyən etməlidir. Hətta deyə bilərəm ki, Cənubi Qafqazın gələcəyinə Azərbaycan təsir etməlidir. Azərbaycanın mövqeyini dəstəkləyən Ermənistan qərar verməlidir. Azərbaycan və Gürcüstan bu məsələlərdə əsas söz sahibi olmalıdır. Burada müsbət rol oynayan Türkiyənin də təsiri önəmlidir. Rusiya isə bu cür davranışları ilə nəinki bölgədəki nüfuzunu itirir, hətta Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılması ilə üz-üzə qala bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az