- Müşahidə məntəqəsi
- 24 İyul 17:36
- 3 351
Rəşad Bayramov: "Kilsə Rusiyanın Ermənistandakı beşinci kolonudur"

“Kilsənin Ermənistan cəmiyyətində uzun illər boyunca dərin kök saldığı məlumdur. Faktiki olaraq, Ermənistanın bir dövlət kimi formalaşmasında, bu günə qədər mövcudluğunu davam etdirməsində və siyasi proseslərdə iştirakında kilsənin mühüm və birmənalı rolu olub. Təbii olaraq, cəmiyyətin müxtəlif sahələrində də kilsə aparıcı mövqe tutmağa çalışıb. Ancaq hazırda Paşinyanın başladığı kampaniya təkcə Azərbaycan və ya Türkiyə ilə münasibətlərin normallaşması istiqamətindəki maneələrlə bağlı deyil. Bu, ilk növbədə onun hakimiyyətinə qarşı təhlükə kimi qiymətləndirilir və məhz buna görə Paşinyan üçün strateji əhəmiyyət daşıyır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması ilə bağlı fəaliyyət planını açıqlayıb. Uzun illərdir İrəvanın daxili və xarici siyasətində kilsənin təsirli rol oynadığı məlumdur. Eçmiədzin kilsəsinin 1988-ci ildən Azərbaycana qarşı ərazi iddialarını və terror aktlarını dəstəklədiyi, həmçinin qondarma “soyqırımı” iddialarının da məhz kilsədən qaynaqlandığı bildirilir. Ekspertlərə görə, Paşinyan anlayır ki, kilsədə ciddi dəyişikliklər etmədən nə Ankara ilə münasibətləri normallaşdırmaq, nə də Bakı ilə sülh sazişi imzalamaq mümkün olacaq. Buna görə də o, kilsənin mövqeyini zəiflədərək siyasi hakimiyyətini gücləndirməyə çalışır.
Siyasi şərhçi əlavə edib ki, hazırda kampaniyanın daha geniş vüsət alması qarşıdan gələn seçkilərlə birbaşa bağlıdır.
“Hakimiyyətə gəldikdən sonra Paşinyan Rusiyaya bağlı siyasi müxalifəti xeyli zəiflətməyə, təbliğat imkanlarını məhdudlaşdırmağa və ictimai rəy üzərində nəzarəti gücləndirməyə nail olub. İndi isə o, faktiki olaraq Rusiyanın “beşinci kolon”u rolunu oynayan kilsə rəhbərliyinə qarşı məqsədyönlü kampaniyaya start verib. Paşinyan bu prosesi mərhələli və düşünülmüş şəkildə həyata keçirir. İlk mərhələdə müxtəlif ölkələrdəki erməni diaspor təşkilatları və Ermənistan daxilindəki vətəndaşlar tərəfindən kilsəyə ayrılan vəsaitlərin necə xərcləndiyi ilə bağlı sorğular və informasiya kampaniyaları başladıldı. Korrupsiya faktları və digər suallar gündəmə gətirildi. Sonradan bu kampaniyanın ictimai rəyə təsir etdiyi müşahidə olundu. Sadə bir misal: yanvar ayında aparılan sorğuda Ermənistan vətəndaşlarının yalnız 17 faizi kilsə rəhbərinin dəyişdirilməsini məqbul hesab edirdisə, iyunun əvvəlində bu rəqəm artıq 47 faizə çatmışdı. Bu isə göstərdi ki, cəmiyyətə kilsə ilə bağlı yeni faktlar təqdim olunduqda, ictimai rəydə kilsə rəhbərliyinin nüfuzu azalır. Bundan sonra növbəti addımlar atıldı. Əvvəlcə korrupsiya faktları qabardıldı, sonra isə kilsə üçün mənəvi əhəmiyyət daşıyan “subaylıq andı” ilə bağlı kampaniya başladı. Bu da cəmiyyətdə rezonans doğurdu. Nəticədə Paşinyan Gümrünün yepiskopu Baqrat kimi şəxsləri asanlıqla həbs etdirə bildi və onların barəsində istintaq başlatdı. Maraqlıdır ki, bu şəxslərin müdafiəsi ilə bağlı ölkədə ciddi narazılıq və genişmiqyaslı etiraz aksiyaları baş vermədi”.
Siyasi şərhçi əlavə edib ki, bütün bunlar Paşinyana bu istiqamətdə mövqelərini xeyli gücləndirmək imkanı verib:
“İndi isə o, kilsə rəhbərinin yeni qaydalar əsasında seçilməsi məsələsini gündəmə gətirib. Bu, təbii olaraq, asan olmayacaq. Çünki kilsə hələ də ayrı-ayrı ölkələrdəki erməni diasporlarının, Rusiyanın və digər təsirli dairələrin dəstəyinə, maliyyə imkanlarına sahibdir. Üstəlik, Ermənistan cəmiyyətində kilsənin hələ də mühüm yer tutduğu unudulmamalıdır. Amma indiyədək baş verənlər göstərir ki, Paşinyan bu istiqamətdə uğur qazanmaqda qərarlıdır. Burada əsas məsələ odur ki, Qareginin istefasından sonra kilsəyə rəhbərlik edəcək yeni şəxsin kimliyidir. Çünki Qaregin illər ərzində müxtəlif regionlarda kilsənin başına özünə və dolayısıyla Rusiyaya sadiq şəxsləri gətirib. Onların əksəriyyəti siyasi baxımdan da Moskva yönümlüdür”.
Siyasi şərhçi sonda vurğulayıb ki, əgər Paşinyan Rusiyanın təsir imkanlarını azaltmaq istəyirsə, yeni simaların önə çıxmasına şərait yaratmalıdır:
“Buradakı əsas sual budur: Qaregindən sonra gələcək şəxs Paşinyan hakimiyyətinə qarşı mövqe tutacaqmı? Rusiya maraqlarını nəzərə alaraq daxildə müxalifətə dəstək verəcəkmi? Əgər Paşinyan kilsəyə siyasi proseslərə qarışmayan, yalnız dini fəaliyyətlə məşğul olan bir şəxsin rəhbərlik etməsinə nail olarsa, bu, onun üçün ciddi problemlər yaratmayacaq. Əks halda, Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma hələ uzun müddət davam edə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az