Azər Həsrət: ‘Rusiya sülh prosesindən kənar qalmaq istəmir və sabotajla məşğuldur’

“Bu qətnamənin məqsədi Azərbaycanla Ermənistan arasındakı yaxınlaşmaya zərbə vurmaqdır. Bunun başqa adı yoxdur, bu, fərqli şəkildə dəyərləndirilə bilməz. Üstəlik, qətnamənin təşəbbüsü ABŞ Konqresinin senatoru Marko Rubionun Dövlət Departamentinə ünvanladığı oxşar müraciətlə eyni vaxta təsadüf edir. Həmin qətnamənin məzmunu da adıçəkilən müraciətlə demək olar ki, eynidir. Həm ABŞ-da, həm də Fransada belə təşəbbüslərin ard-arda gündəmə gətirilməsi onu göstərir ki, kimlərsə planlı şəkildə Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsinə “töhfə” verməyə çalışır. Bəs bu kim ola bilər? Şəxsi qənaətimə görə, burada Rusiya izini axtarmaq mümkündür. Kimsə çıxıb deyə bilər ki, ABŞ və Fransa ilə Rusiya arasında münasibətlər gərgindir, Rusiya bu ölkələrin sanksiyaları altındadır və s”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, iyulun 22-də Fransa Milli Assambleyasının üzvləri Loran Vokye və Aleksandr Marten Ermənistanla strateji tərəfdaşlıq və Azərbaycanda saxlanılan ermənilərin azad edilməsini tələb edən qətnamə təşəbbüsü irəli sürüblər. Sənəddə Azərbaycan guya erməni əhalisini məhv etmək və mədəni irsi dağıtmaqda ittiham olunur, saxlanılan şəxslərin “qondarma məhkəmələrə” cəlb edildiyi iddia edilir.

Siyasi şərhçinin sözlərinə görə, bu, əslində yalnız görüntüdə belə təsir bağışlayır.

“Amma məsələ ondadır ki, mən hər zaman demişəm: Rusiya ilə Qərb arasında nə qədər münaqişəli durum olsa da, xüsusilə Fransa daxilində, o cümlədən ölkənin siyasi rəhbərliyinin ən yüksək səviyyələrində hələ də Rusiyaya rəğbət qalmaqdadır. Yəni onlar Rusiya üçün bir nəfəsliyi açıq saxlayırlar. ABŞ-da da müəyyən dairələr Rusiyaya belə nəfəsliyin qalmasına şərait yaradır. Belə düşünürəm ki, istər ABŞ-da, istərsə də Fransada bu təşəbbüslərin irəli sürülməsinin arxasında Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarlaşdırılmış Rusiyanı görmək mümkündür. Rusiya düşünür ki, əgər o, bu prosesdə yoxdursa, tərəflər sülhə nail olacaqlarsa, bu, onun üçün ciddi nüfuz itkisi olacaq. Prosesdən kənarda qalmaq istəməyən Rusiya bu səbəbdən də müxtəlif yollarla, o cümlədən əlaqəsi olmayan təşəbbüslərlə vəziyyəti gərginləşdirməyə çalışır. Ona görə də düşünürəm ki, istər Azərbaycan, istərsə də Ermənistan rəhbərliyi bu ortaq təxribatın qarşısını birlikdə almalıdır – və ala da bilərlər. Azərbaycan tərəfi bu məsələdə maksimum təmkin nümayiş etdirə bilər. Amma Ermənistan rəhbərliyi də bir bəyanatla çıxış etməlidir ki, indiki mərhələdə bu cür qətnamə təşəbbüsləri sülh prosesinə əngəldir. Həmin bəyanatda belə bir məqam da yer almalıdır: Ermənistan bütün məsələləri hər hansı vasitəçi olmadan, birbaşa Azərbaycanla danışıqlar yolu ilə həll etməyə inanır və üçüncü tərəfləri prosesə müdaxilə etməməyə çağırır. Əgər bu baş verərsə, nə Fransa, nə də ABŞ-da yerləşən dağıdıcı qüvvələr bu prosesə müdaxilə etmək üçün bəhanə tapa bilməyəcək. Bir daha vurğulamaq istəyirəm ki, bütün bu təşəbbüslərin arxasında Rusiyanın dayandığına dair inamım getdikcə daha da möhkəmlənir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az