• Toplum
  • 30 İyul 12:21
  •  1 678

Peşə təhsili real seçimə çevrilməlidir: Cəlbedicilik və təsir mexanizmləri

Azərbaycanda peşə təhsilinin əhəmiyyəti və bu sahənin inkişafı gündəmin əsas mövzularından birinə çevrilməkdədir. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, ölkədə əhalinin bir hissəsinin heç bir formal peşəsi və ya ixtisası yoxdur. Bu fikir “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzinin və emalatxanalarının açılış mərasimində səsləndirilib. Nazir bildirib ki, hər il ölkədə təxminən 150 min nəfər orta təhsil səviyyəsini başa vurur. Bu məzunların yalnız 60 minə yaxını ali təhsilə qəbul olur. Peşə təhsili alanların sayı isə hal-hazırda 30 min nəfər ətrafındadır və bu rəqəm cari ilin göstəriciləri deyil, əvvəlki illərdə qəbul olunan tələbələri də əhatə edir. Bu isə o deməkdir ki, hər il orta məktəbi bitirən 100 minə yaxın insan ya heç bir ixtisasa sahib olmadan əmək bazarına daxil olur, ya da peşəsiz qalaraq qeyri-rəsmi sektorda çalışır.

Emin Əmrullayevin qeyd etdiyi kimi, bir çox insan müxtəlif sahələrdə ixtisası praktiki təcrübə və ya ənənəvi üsullarla, qeyri-formal şəkildə qazanır. Lakin bu yanaşma müasir əmək bazarının tələblərinə cavab vermir və uzunmüddətli perspektivdə işçi qüvvəsinin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən peşə təhsili sisteminin çevik modellərlə yenidən qurulması, cəlbediciliyinin artırılması və gənclər üçün real seçimə çevrilməsi mühüm əhəmiyyət daşıyır.

Peşə təhsili ölkənin iqtisadi inkişafında və dayanıqlı məşğulluğun təmin edilməsində vacib rol oynayır. Bu təhsil forması işəgötürənlərin ehtiyaclarına uyğun bacarıqlı və hazırlıqlı işçi qüvvəsinin formalaşmasını təmin edir. Xüsusilə texniki, sənaye, kənd təsərrüfatı və xidmət sahələrində peşə təhsilli mütəxəssislərə olan tələbat artmaqdadır. Həmçinin peşə təhsili işsizliyin azaldılması, sosial rifahın yüksəldilməsi və regionlarda iqtisadi fəallığın təşviqi baxımından da mühüm vasitədir.

Peşə təhsilinin cəlbediciliyini artırmaq üçün bir sıra kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. İlk növbədə tədris proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, praktik yönümlü təlim modelləri tətbiq olunmalı və işəgötürənlərlə əməkdaşlıq gücləndirilməlidir. Eyni zamanda, peşə məktəblərində müasir texnologiyalarla təchiz olunmuş laboratoriya və emalatxanaların yaradılması, beynəlxalq sertifikatlaşdırma sistemlərinə inteqrasiya, dual təhsil modellərinin genişləndirilməsi və ixtisaslı pedaqoji heyətin hazırlanması bu sahənin inkişafına töhfə verə bilər.

Əhalinin bir hissəsinin formal peşə və ya ixtisasının olmaması bir sıra mənfi nəticələrə səbəb ola bilər. Belə ki, bu hal qeyri-rəsmi məşğulluğun artmasına, sosial təminat sisteminin zəifləməsinə, istehsalatda keyfiyyət və təhlükəsizlik standartlarının pozulmasına, həmçinin iqtisadi məhsuldarlığın azalmasına gətirib çıxara bilər. Bundan əlavə, ixtisassız əmək qüvvəsinin çoxluğu ölkənin beynəlxalq rəqabət qabiliyyətini də zəiflədir.

Nəticə olaraq, peşə təhsili yalnız bir alternativ yox, əmək bazarında uğurlu karyera üçün strateji yol olaraq qəbul edilməlidir. Bu sahədə görülən hər bir addım həm fərdi rifaha, həm də ölkənin ümumi inkişafına mühüm töhfə verəcək.

AzNews.az