- Müşahidə məntəqəsi
- 30 İyul 18:00
- 2 612
Politoloq: ‘Alyaska səhvi Rusiya üçün dərs olub, Moskva bu dəfə razılaşmaz’

“Amerika Birləşmiş Ştatlarında Rusiyadan bəzi adaların alınaraq həmin ərazilər üzərindən Çini izləmək imkanının yaradılması təklifi müzakirələrə səbəb olsa da, bu, real təklif deyil. Hazırkı şəraitdə Rusiyanın bu ideyanı qəbul etməsi qətiyyən mümkün deyil və rəsmi Moskva heç bir halda belə bir razılaşmaya getməyəcək. Hətta Rusiyanın özündə də vaxtilə Alyaskanın ABŞ-a satılması məsələsi bu gün ciddi təəssüflə xatırlanır. Bunu nəzərə alsaq, vəziyyətin ciddiliyi aydın görünür. Üstəlik, Çin və Rusiya hazırda münasibətlərinin ən yüksək səviyyəsini yaşayır. Bu iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı iqtisadi maraqlar mövcuddur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Qeyd edək ki, ABŞ-da Rusiya torpaqları ilə bağlı irəli sürülən təklif dünya mediasında geniş rezonans doğurub. Vaşinqtonda, Çinin regiondakı hərbi və iqtisadi fəaliyyətlərini yaxından izləmək məqsədilə, Moskvadan Komandir adalarının alınması fikri gündəmə gətirilib. Bu təklif, amerikalı polkovnik-leytenant Cefri Fritz tərəfindən səsləndirilib və yalnız adaların deyil, həm də onların ətrafındakı iqtisadi zonanın, təbii ehtiyatların və infrastrukturların əldə edilməsinin vacibliyi vurğulanıb. Təklifdə Komandir adalarının Alyaska əyalətinin bir hissəsi kimi ABŞ-a birləşdirilməsi və bunun müqabilində Moskvaya 15 milyard dollar təklif olunması qeyd edilir.
Politoloqun fikrincə, ABŞ-ın həm Rusiya, həm də Çinlə rəqabət içində olması bu təklifin gerçəkliyinə ciddi şübhələr yaradır.
“Düşünürəm ki, Rusiya bu ideyanı birmənalı şəkildə rədd edəcək və buna istehza ilə yanaşacaq. Nəzəri baxımdan Rusiyanın belə bir razılaşmaya getməsi, özü üçün ciddi nəticələr doğura bilər. Qeyd etdiyimiz kimi, Çin və Rusiya hazırda münasibətlərində sabitlik və əməkdaşlığın gücləndiyi bir dövrü yaşayır. Üstəlik, iki ölkə arasında artan ticarət dövriyyəsi — hazırda təxminən 250 milyard dollar həcmində — Rusiyanın iqtisadi dayanıqlığında mühüm rol oynayır. Bu baxımdan Rusiya üçün Çinlə münasibətləri təhlükəyə atmaq ciddi siyasi və iqtisadi risklər yarada bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az