- Siyasi müzakirə
- 30 İyul 18:03
- 2 321
“Trampın ziddiyyətli ritorikası Avropanı hərbiləşdirir” – Şəhla Cəlilzadə

“Siyasi ritorikada Trampın mövqeləri tez-tez ziddiyyət təşkil edir. Məsələn, o, bir vaxtlar NATO-nu “köhnəlmiş” və artıq əhəmiyyətsiz hesab edirdi, hətta ABŞ-ın təşkilatdan çıxacağını belə bildirirdi. Lakin sonrakı dövrdə ABŞ-ın təzyiqi nəticəsində NATO üzvləri hərbi büdcələrini artırdı, Avropa cəbhəsində hərbi güc gücləndi. Trampın ilk prezidentlik dönəmində yalnız 3 NATO ölkəsi (ABŞ, İngiltərə, Yunanıstan) hərbi xərclərini ÜDM-in 2%-inə çatdırmışdısa, 2017-ci ildə bu sayı 5-ə, 2020-ci ildə 9-a, 2024-cü ildə isə 23-ə yüksəldi. Tramp artıq üzvlərdən hərbi xərcləri ÜDM-in 5%-i səviyyəsinə çatdırmağı tələb edir. İyunda Haaqa sammitində NATO ölkələri 2035-ci ilə qədər bu hədəfi reallaşdırmağa razılaşıblar”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın “Bu gündən 10 gün” deyərək Rusiya–Ukrayna münaqişəsinin həllinə konkret vaxt qoyması beynəlxalq münasibətlər müstəvisində həm ciddi suallar doğurub, həm də gözləntiləri artırıb. Tramp bildirib ki, əgər bu 10 gün ərzində Moskva ilə razılaşma əldə olunmasa, ABŞ idxal rüsumları və digər iqtisadi alətlər vasitəsilə təzyiqləri gücləndirəcək. O, bu bəyanatı prezident təyyarəsində – Aberdindən Vaşinqtona uçuş zamanı jurnalistlərə verib.
Siyasi şərhçi qeyd edib ki, Rusiyaya gəldikdə, Tramp əvvəlcə bu ölkəyə 50 günlük möhlət vermişdi, lakin sonradan bu müddəti 10–12 günə endirib.
“O başa düşür ki, Rusiya işğal siyasətindən nə 50 gündə, nə də 10-12 gündə çəkilməyəcək. Hakimiyyətə gəlməzdən əvvəl Ukrayna müharibəsini 24 saata dayandıracağını vəd edən Tramp artıq Putinlə danışıqların uğursuz olduğunu qəbul edir. Buna görə də ABŞ-ın Ukraynaya hərbi yardımını artıracağı gözlənilir. Medvedyev isə Trampın bu hədəsinə cavab olaraq “Yuxulu Conun (Baydeni nəzərdə tutur) yolunu tutmayın, yoxsa müharibə sizin qapınıza çata bilər” deyə xəbərdarlıq edib. Avropa xüsusi xidmət orqanlarının proqnozlarına görə, qarşıdakı 3-5 ildə — bəlkə daha tez — Rusiya Ukraynanı zəiflədikdən sonra NATO Nizamnaməsinin 5-ci maddəsinin (kollektiv müdafiə) sınağa çəkilməsi ehtimalı var. Bu, real olaraq III Dünya Müharibəsi təhlükəsi deməkdir və Avropa buna hazır deyil. Odur ki, ABŞ və Avropanın yardımları Ukraynanı məğlubiyyətdən qoruyub müharibəni uzatmaqla Rusiyanın resurslarını tükətməyə yönəlib. NATO ölkələrinin hərbi büdcələrini artırması da məhz bu təhlükə fonunda daha böyük məna daşıyır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az