Yaşıl enerji: Azərbaycanın yeni inkişaf mərhələsində strateji prioritet

İnkişaf edən dünyada enerji təhlükəsizliyi və dayanıqlı gələcək üçün bərpaolunan enerji mənbələrinin rolu getdikcə artır. Prezident İlham Əliyev iyunun 2-də Bakıda keçirilən 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un açılış mərasimində bu məqamı bir daha vurğuladı. Dövlət başçısı çıxışında qeyd etdi ki, Azərbaycan yalnız neft və qaz ehtiyatları ilə deyil, həm də yaşıl enerji sahəsindəki təşəbbüsləri ilə diqqət mərkəzindədir. Yaşıl enerji gündəliyinin geniş olması ölkənin bu sahədəki məsuliyyətini və qlobal çağırışlara verdiyi əhəmiyyətli cavabı göstərir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın sabit siyasi mühitə, inkişaf edən iqtisadiyyata və güclü təhlükəsizlik sisteminə malik olduğunu da vurğuladı. Bu amillər ölkəyə xarici sərmayələrin cəlb edilməsində mühüm rol oynayır. O xatırlatdı ki, ilk neft-qaz sərgisi 1994-cü ildə keçirilib və bu sərgidən sonra imzalanmış “Əsrin müqaviləsi” regionun geosiyasi mənzərəsini dəyişmişdi. Həmin tarixi addım, ümummilli lider Heydər Əliyevin strateji baxışına əsaslanaraq, Azərbaycanın enerji diplomatiyasının təməlini qoydu.

Bu gün Azərbaycan böyük investisiya məkanı kimi tanınırsa, bu, illər boyu formalaşan sabitlik və düşünülmüş siyasət sayəsində mümkün olub. Müstəqilliyin ilk illərindəki çətinliklər fonunda 1993-cü ildən sonra ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik, həyata keçirilən “açıq qapı” siyasəti və investorlar üçün yaradılan əlverişli şərait nəticə verdi. Heydər Əliyevin “Ölkəmizin qapısı xoş niyyətli hər bir investorun üzünə açıqdır” prinsipi bu gün də aktuallığını saxlayır.

Hazırda Azərbaycanın prioritetləri arasında bərpaolunan enerji layihələrinin həyata keçirilməsi mühüm yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, əgər ölkəmiz zəngin təbii resurslara malik olmasaydı, qeyri-neft sektorunun inkişafı çox çətin olardı. Lakin Azərbaycanın iqtisadi şaxələndirməyə əsaslanan inkişaf strategiyası həm iqtisadi, həm də sosial sahədə mühüm nəticələr verir. Xüsusilə kənd təsərrüfatı, sənaye və emal sahələrində müşahidə olunan canlanma ölkənin daxili potensialının nə qədər böyük olduğunu göstərir.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Dövlət tərəfindən sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb və bu sahədə dövlət-özəl tərəfdaşlığı möhkəmlənməkdədir. Xüsusilə qeyri-neft sektoruna yatırımların stimullaşdırılması məqsədilə bir sıra təşviq mexanizmləri həyata keçirilir. Bu, həm yerli, həm də xarici investorların marağını artırır.

Azad edilmiş ərazilər – Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Burada həyata keçirilən bərpa və yenidənqurma layihələri çərçivəsində ekoloji meyarlar və ağıllı texnologiyalar əsas götürülür. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi konsepsiyalar bu ərazilərin ekoloji cəhətdən təmiz və texnoloji baxımdan inkişaf etmiş məkana çevrilməsinə xidmət edir.

2030-cu ilə qədər Azərbaycanın enerji istehsalında bərpaolunan mənbələrin payının 30 faizə çatdırılması hədəflənir. Bu, həm daxili tələbatın ödənilməsi, həm də yaşıl enerjinin ixracı baxımından strateji əhəmiyyət kəsb edir. Bakı Enerji Həftəsi kimi beynəlxalq tədbirlərin keçirilməsi də Azərbaycanın enerji siyasətində tutduğu mövqeni və etibarlı tərəfdaş imicini bir daha nümayiş etdirir.

Bir sözlə, Azərbaycanın enerji siyasəti artıq təkcə karbohidrogen ehtiyatlarına deyil, eyni zamanda alternativ və bərpaolunan mənbələrin inkişafına əsaslanır. Bu isə ölkənin dayanıqlı gələcək qurmaq istiqamətində atdığı addımların məntiqi davamıdır.

Samirə Hüseynova