Akif Əlizadə AMEA prezidenti vəzifəsini aprel ayına qədər icra edəcək

"AMEA prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadə yeni vəzifəsini akademiyanın ümumi yığıncağına qədər davam etdirəcək".

Bu barədə APA-ya AMEA Geologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Səid Hüseynov bildirib. Onun sözlərinə görə, AMEA-nın ümumi illik yığıncağı bu ilin aprel ayında keçiriləcək.

O deyib ki, Akif Əlizadənin vitse-prezident vəzifəsində fəaliyyəti başa çatıb. Akademik hazırda Geologiya İnstitutuna da rəhbərlik edir.

Qeyd edək ki, fevralın 21-də AMEA Rəyasət Heyətinin toplantısı keçirilib. Toplantıda Rəyasət Heyətinin qərarı ilə AMEA-nın prezident səlahiyyətlərinin icrası vitse-prezident, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadəyə həvalə edilib.

AzNews.az