“Raffi Ovannisyanın şərtləri istehza doğurur”

Zərdüşt Əlizadə: ““Qarabağ klanı” Ermənistan üzərindəki hakimiyyətini heç kəslə bölüşmək istəməz”

"Raffi Ovannisyanın gerçəklikdə heç bir qüvvəsi yoxdur. Sadəcə olaraq, o 2008-ci ildə olduğu kimi mənasız qarşıdurmaya gedə bilər ki, bunun da nəticəsi olmayacaq"

Bunu AzNews.az-a politoloq Zərdüşt Əlizadə Ermənistan müxalifətinin liderlərindən olan və bu ölkədə fevralın 18-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələri ilə barışmayan İrs Partiyasının lideri Raffi Ovannisyanın dövlət başçısı Serj Sərkisyanın qarşısında qoyduğu şərti şərh edərkən bildirib. O qeyd edib ki, hələ S.Sərkisyanın yeni prezidentliyi dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən tanınmayanda R.Ovannisyana sövdələşmələr təklif olunsa da o buna getmədi, çünki iştahı daha böyük idi:

"Ovannisyan hesab edirdi ki, vaxt udmaqla qüvvəsini artıracaq. Amma buna nail ola bilmədi. İndi isə onun şərtləri istehza doğurur. Ona və tərəfdarlarına maksimum bir-iki vəzifə təklif oluna bilər. Onun oyunu qurtardı və artıq heç nə edə bilməyəcək".
Z.Əlizadə hesab edir ki, erməni prezident R.Ovannisyanın hər hansı bir şərti ilə razılaşmayacaq: "Sadəcə olaraq Serj Sərkisyan özünün demokrat imicini artırmaq ona bir neçə vəzifə təklif edə bilər. Bundan artığını gözləmək sadəlöhvlük olardı. Çünki hakimiyyəti mənimsəmiş cinayətkar "Qarabağ klanı" Ermənistan üzərindəki hakimiyyətini heç kəslə bölüşmək istəməz
".

Gültəkin
AzNews.az