Akif Muradverdiyev Əli İnsanovun əleyhinə ifadə verəcəkmi? - Açıqlama

Həbsdə olan sabiq işlər müdirinin vəkili yayılan məlumatları təkzib edir

"Yeni Müsavat" qəzetinin 3 iyul sayında Prezident Administrasiyasının işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyevdən həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun əleyhinə ifadə alınmaq istənildiyi ilə bağlı yazı dərc olunub. Yazıda iddia edilir ki, Avropa Məhkəməsinin haqqında bəraət qərarı çıxardığı keçmiş naziri həbsdə saxlamaq üçün onun haqqında yeni cinayət işi açılması planlaşdırılır. Bunun üçün də istintaq orqanları ötən ayın 20-də həbs edilən A.Muradverdiyevdən sabiq nazirin əleyhinə ifadə almaq istəyir.

Qeyd edək ki, 2005-ci ildə A.Muradverdiyev Ə.İnsanovla birgə həbs edilmişdi. O zaman yayılan məlumatlarda da bildirilirdi ki, guya, A.Muradverdiyev sabiq nazirin əleyhinə ifadə verdiyi üçün az sonra azadlığa buraxılmışdı.

Qəzetin məlumatında iddia edilir ki, artıq A.Muradverdiyev istintaqa sabiq nazirlə bağlı bəzi "ip ucları" verib. Yazıda qeyd olunur ki, istintaq A.Muradverdiyevdən video-ifadə almaq və ona bu yaxınlarda Ə.İnsanovun tapşırığı ilə radikal müxalifətə 200 min manat pul verdiyini "etiraf" etdirmək istəyirlər.

Qeyd olunan yazıdakı iddialarla bağlı AzNews.az-a açıqlama verən A.Muradverdiyevin vəkili Fuad Ağayev bildirib ki, bu məlumatların heç bir əsası yoxdur. Vəkilin sözlərinə görə, A.Muradverdiyevin həbsindən bəri ondan cəmi bir dəfə ifadə alınıb. Həmin ifadə də onun özünə açılmış cinayət işi ilə bağlı olub: "Akif Muradverdiyevdən bundan başqa heç bir ifadə alınmayıb".

Vəkilin sözlərinə görə, həbsdə olan müvəkkilinə Əli İnsanovla bağlı heç nə təklif edilməyib və ondan sabiq nazirin əleyhinə ifadə alınması cəhdləri olmayıb: "Bu məlumatların hansı mənbədən və nə məqsədlə yayıldığı bizim üçün də çox maraqlıdır. Bundan sonra dövriyyəyə gündə bir məlumat buraxılacaq, mən də Akif Muradverdiyevin vəkili olduğuma görə bu məlumatlara münasibət bildirməli olacağam. Bütün bu deyilənlərin həqiqətlə heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, A.Muradverdiyev Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir. Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə, o, Rusiyaya aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən gizli keçirib.

Elnarə Əlosmanqızı
AzNews.az