Gültəkin Hacıbəylinin məhkəməsində nələr oldu – Təfərrüat



Bu gün Yasamal rayon Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəyliyə qarşı keçmiş baldızı Aynurə Mehdiyeva tərəfindən qaldırılan iddia üzrə növbəti məhkəmə iclası keçirilib.

AzNews.az xəbər verir ki, Gültəkin Hacıbəyli və vəkilləri A.Mehdiyevanın prosesdə iştirakı ilə bağlı məsələ qaldırıb. Eyni zamanda fakta görə cinayət işinin başlanıldığı barədə sübutlar məhkəməyə təqdim edilib.

Məhkəmə prosesində "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyini sədri Əlövsət Əliyev də iştirak edərək, işdə adı hallanan Filippin vətəndaşının zərərçəkmiş kimi dindirildiyini bildirib. Məhkəmə noyabrın 15-ə təxirə salınıb.

Qeyd edək ki, iddianın qaldırılmasına səbəb kimi Gültəkin Hacıbəylinin keçmiş baldızı barədə mətbuatda səsləndirdiyi fikirlər əsas gətirilib.

Bildirilib ki, bu il iyunun 13-də Daxili İşlər Nazirliyinin saytı nazirliyin İnsan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aynur Mehdiyevanın Dubay şəhərindən Filippin vətəndaşını dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək, zor tətbiq etməklə bir ildən artıq müddətə əməyini istismar etməsi faktını müəyyən etməsi barədə məlumat yayıb.

Bundan sonra G. Hacıbəyli həmin məlumatdan öz müsahibəsində istifadə edib. Bundan narazı qalan qarşı tərəf isə G. Hacıbəyliyə qarşı iddia ilə məhkəməyə müraciət edib.

Məlumat üçün bildirək ki, Gültəkin Hacıbəylinin keçmiş baldızı Aynurə Mehdiyevanın filippinli qızı evində işlədərək pulunu ödəməməsi ilə bağlı məsələ DİN-in Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinin istintaq şöbəsində araşdırılıb. Keçmiş baldızını insan alverində günahlandıran Gültəkin Hacıbəylinin iddiaları təsdiqini tapıb.

Belə ki, fakta görə cinayət işi başlanılıb və istintaqın gedişində filippinli qadın zərərçəkən kimi tanınıb. İş üzrə Aynurə Mehdiyevanın təqsirləndirilən şəxs kimi dindirildiyi də daxil olan məlumatlar arasındadır. İşin yaxın zamanda məhkəməyə göndəriləcəyi bildirilir.


Elnarə
AzNews.az