Başçı yanan bazardakı obyekt sahibləri ilə görüşəcək


Astara Rayon İcra Hakimiyyətində yanan bazarda obyekti olan sahibkarlarla görüş keçiriləcək.


Bunu AzNews.az-a Astara Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Səfail Məmmədov deyib.

O bildirib ki, Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yaxın saatlarda bazarda obyekt sahibi olan sahibkarlarla görüşəcək. Görüşdə yanğın zamanı dəyən zərər müzakirə olunacaq və sahibkarlara kompensasiya məsələsinə baxılacaq.

Qeyd edək ki, fevralın 17-də Astara şəhərinin mərkəzi bazarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astara şəhərində ümumi sahəsi 9000 kv.m olan mərkəzi bazarın ərazisində taxta konstruksiyalardan ibarət, bir-birinə bitişik olan piştaxtaların yanar konstruksiyalar və piştaxtalara yığılmış geyim paltarları 1500 kv.m sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Amid Əyyuboğlu
AzNews.az