Həbsxanaya mobil telefon keçirilməsinin qarşısı alındı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 182.2.1; 182.2.2; 182.2.3; 180.2.2; 332.2.1; 332.2.3; 66.3 və 332.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Arzuman Mirzə oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tamerlan Mirzə oğlu İsmayılzadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman "Texnolux" markalı elektrik çaynikinin elektrik qidalandırıcısının içərisində gizlədilmiş 5 ədəd "Nokia" markalı mobil telefon aparatları, 1 ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı, 1 ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik generatoru və 3 ədəd elektrik qidalandırıcısının ucluqları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


AzNews.az