Heydər Əliyev Fondu Həştərxanda onları mükafatlandırdı - FOTOLAR

Mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi ilə əlaqədar Rusiyanın Həştərxan Vilayətində geniş miqyaslı tədbirlər davam etdirilir.

AzNews.az-ın məlumatına görə, yubiley mərasimləri çərçivəsində Azərbaycandan gedən nümayəndə heyətinin iştirakı ilə bu gün Həştərxan şəhərindəki Heydər Əliyev adına orta ümumtəhsil məktəbində ümummilli liderin anadan olmasının 91 illiyi ilə bağlı müsabiqənin yekunlarına həsr olunan tədbir keçirilib. Müsabiqədə "Şeir yaradıcılığı", "Ailə portireti", "Musiqi yaradıcılığı", "Vernisaj", "Mənim kitabım" və "Mənim filmim" nominasiyaları üzrə yüksək nəticə ilə fərqlənən şagird və müəllimlər mükafatlandırılıb. 1-ci və 2-ci yerləri tutan 9 şagirdə diplom və hədiyyələr verilib. Bundan başqa fərqlənən 10 məktəbli, o cümlədən 5 müəllimə Heydər Əliyev Fondu tərəfindən təqaüdə layiq görülüblər.

Xatırladaq ki, mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi ilə əlaqədar Rusiyanın Həştərxan Vilayətində keçirilən mərasimlərdə iştirak etmək üçün Azərbaycan Prezidentinin Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti Həştərxana səfərə gedib. Bu tədbirdə Həştərxanın eyniadlı rayonu ilə qardaşlaşmış Bakının Nərimanov rayonunun İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev də iştirak edir.

Mərasimlərdə həmçinin Azərbaycandan Milli Məclisin deputatları, dövlət adamları, incəsənət xadimləri və mətbuat nümayəndələri qatılıblar.

AzNews.az
image description image description image description