İRAN VƏ ÖZBƏKİSTAN AVTOMOBİLLƏRİNİN SATIŞI ARTIB İRAN VƏ ÖZBƏKİSTAN AVTOMOBİLLƏRİNİN SATIŞI ARTIB

Maşın bazarının yeni azarı: alver niyə yoxdu? - FOTOLAR

İRAN VƏ ÖZBƏKİSTAN AVTOMOBİLLƏRİNİN SATIŞI ARTIB



Son günlər Bakının maşın bazarlarında durğunluq müşahidə olunur. İstər maşın bazarlarında, istərsə də avtomobil salonlarında alıcı gözə dəymir.

AzNews.az məsələni araşdırmaq üçün Badamdarda yerləşən maşın bazarında müşahidə aparıb.

Avtomobil alverçilərinin sözlərinə görə, son 2-3 ayda maşın satışlarında böyük durğunluq var. Bu durğunluğa səbəb isə son bir il ərzində Azərbaycana gətirilən avtomobillərə qarşı məhdudiyyət tətbiq olunmasıdır. Bu ildən etibarən Azərbaycana buraxılış ili 2005-ci ilə qədər olan Almaniya, 2011-ci ilə qədər isə Yaponiya və Cənubi Koreya maşınlarının gətirilməsinə qadağa qoyulub və buna görə də ölkəyə gətirilən maşınların sayı azalıb. Hazırda bazarda daha çox İran və Özbəkistan istehsalı olan avtomobillər satılır.

İran istehsalı olan "Saipa" maşınının satışları ilə məşğul olan Həsən adlı sahibkarın sözlərinə görə, bu avtomobillərin nağd qiymətləri 7500-8000 AZN arasında dəyişir. Bu avtomobilləri kreditlə də əldə etmək mümkündür. "Saipa"ya 1500 AZN ilkin ödəniş edib, ayda 250 AZN ödəməklə sahib olmaq olar.

Digər ən çox satılan avtomobil isə ""Daewoo"dur. Bu maşınların nağd qiyməti 13-15 min AZN arasında dəyişir. Avtomobili kreditlə də almaq olur. 2500 AZN ilkin ödəniş edərək 60 ay ərzində 311 AZN ödəməklə yeni ""Daewoo"ya sahib olmaq mümkündür.

İkinci əl avtomobillərlə də vəziyyət maşın alverçilərinin ürəyincə deyil. Bazarda maşın alveri edən Nurəddin adlı şəxsin sözlərinə görə, 2-ci əl avtomobilləri içərisində hazırda ən çox satılan Almaniya istehsalı olan maşınlardır. Deyir ki, 8-14 min dollara buraxılış ili 2005-ci ilə qədər olan Almaniya istehsalı avtomobil almaq olar. Rusiya istehsalı olan maşınlar bir az ucuzdur. İlindən asılı olmayaraq, 4-7 min ABŞ dollarına yaxşı vəziyyətdə Rusiya istehsalı olan avtomobil alırlar. Cənubi Koreya və Yaponiya istehsalı olan maşınların qiyməti isə müxtəlifdir. Yaxşı vəziyyətdə olan bu avtomobillərin qiyməti 10-60 min ABŞ dolları arasında dəyişir.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 47 984 ədəd avtomobil idxal olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 518 avtomobil və ya 36,4% azdır. Ötən ilin avqust ayı ilə müqayisədə isə bu rəqəm 4 708 maşın və ya 10,9% artım deməkdir.

















Xəyal Əzizov