Narahat olan Azərbaycan deyil, məhz Ermənistandır Narahat olan Azərbaycan deyil, məhz Ermənistandır

"Yeni bir savaşın olacağı an məsələsidir"

Narahat olan Azərbaycan deyil, məhz Ermənistandır

Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanı yeni ərazilərinin işğalı ilə hədələməsi, bunun ardınca baş nazir Nikol Paşinyanın bu bəyanatı dəstəkləməsinə Azərbaycan tərəfi adekvat cavablar verdi.

Lakin ekspertlər hesab edirlər ki, bu bəyanat iki ölkə arasında aparılan sülh danışıqlarına ciddi şəkildə kölgə salır və bölgədə yeni müharibə ocağının qalanmasını stimullaşdırır.

Politoloq Natiq Miri AzNews.az-a açıqlamasında bildirdi ki, Ermənistan müdafiə nazirinin verdiyi bəyanat situasiyaya uyğun bir açıqlama deyildi. Və sonradan Paşinyanın bu açıqlamanı ört-basdır etmək istəyini uğursuz bir müdafiə çıxışı kimi dəyərləndirmək olar:

"Bir tərəfdən Paşinyan Azərbaycan prezidenti ilə danışıqlar masasına oturarkən özünü quzu kimi aparır, digər tərəfdən, qorxaq Paşinyanın generalı Azərbaycan ərazilərini yeni işğalla hədələyir. Bu açıqlama o zaman ciddi qəbul oluna bilərdi ki, onun arxasında sözün əsl mənasında ciddi bir güc dayanardı. Bu gün nəinki erməni mənbələri, o cümlədən ermənilərin havadarları olan rus hərbi ekspertləri, hətta Qərb mütəxəssisləri də çox rahat şəkildə etiraf edirlər ki, əgər növbəti bir Aprel hadisələri baş verərsə, bu müharibə o qədər də uzun çəkməyəcək. Çünki Azərbaycan Ordusu Ermənistanın hərbi potensialı ilə müqayisədə o qədər əzici gücə malikdir ki, Ermənistan bunun qarşısında tab gətirə bilməz."

N.Miri vurğuladı ki, Tonoyanın bu açıqlaması nəinki Azərbaycanda, bütövlükdə ermənilərin havadarlarının özündə də gülünc yaratdı. Onun sözlərinə görə, aparılan danışıqlar çərçivəsində Paşinyanın müəyyən güzəştlər etməyə hazır olduğu deyilir. Sadəcə bunu həyata keçirmək üçün azı erməni ictimaiyyətində bir növ inamın bərpa olunmasına və Paşinyan hakimiyyətinin cəmiyyətdə möhkəmlənməsinə ehtiyac olduğu bildirilir. Bu cür müzakirələr getdiyi təqdirdə Azərbaycanın yeni ərazilərinin işğalından danışılması gülünc olduğu qədər də absurddur:

"Düşünürəm ki, erməni müdafiə nazirinin bu açıqlaması Vyanada sulh masası ətrafındakı danışıqları demək olar ki, baltaladı. Həmçinin, regionda yeni hərbi prosesin aktivləşməsinə rəvac verdi. Yeni bir savaşın an məsələsi olduğunu demək olar. Lakin bu gün narahat olan Azərbaycan deyil, məhz Ermənistan tərəfidir. Ona görə də Ermənistan rəhbərliyi öz generalının bu açıqlamasını təlafi etdirməlidir. Əks təqdirdə, Azərbaycan hərb yolu ilə torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxlayır".

Elgün
AzNews.az