Nümayişçilər teleqülləyə hücum edirlər

Qahirədə nümayişçilərlə təhlükəsizlik qüvvələrinin qarşıdurması Təhrir meydanından teleqüllə və informasiya nazirliyinin yerləşdiyi Maspero məhəlləsinə keçib.

Yüzlərlə radikal gənc teleqülləni ələ keçirməyə çalışırlar. Onlar binanı qoruyan Milli qvardiya əsgərlərinə daş və içərisində yandırıcı maddə olan şüşələr atırlar.

Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edərək kütləni Nil körpüsünün üzərindən sahilə doğru sıxışdırmağa çalışırlar. Körpüdə isə "Black bloc" anarxist qruplaşmasının üzvləri cəmləşiblər. Bu qruplaşma İsmailliyədə "Müsəlman qardaşlar"ın qərargahının yandırılması və İskəndəriyyədə məhkəmə binasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Misirdə son qarşıdurmanın gedişində artıq 8 nəfərin həlak olduğu bildirilir. Onlardan ikisi hərbçidir. Eyni zamanda 400-ə yaxın insanın yaralandığı barədə məlumatlar var. /APA/