“Müharibə ruhundakı bəyanatlar narahatlıq doğurur“

"KXDR-in növbəti müharibə ruhundakı bəyanatı narahatlıq doğurur. Pxenyan onsuz da sakit olmayan bu dövrdə ehtiraslarını cilovlamalıdır".

APA-nın bildirdiyinə görə, BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirke belə bir bəyanatla çıxış edib.

"Biz bu gün KXDR-dən həyəcanverici siqnallar almışıq", deyən Nesirke baş katib Pan Gi Munun son bəyanatını xatırladıb.

Sözügedən bəyanatda Pan gi Mun KXDR-i sabitliyi pozacaq addımlardan və hərbi ritorikadan çəkinməyə çağırmışdı. Baş katib Pxenyana kursu dəyişməyi və qonşuları ilə qarşılıqlı inam doğuran münasibətlər qurmağa çağırmışdı.

Koreya Xalq-Demokratik Respublikası Cənubi Koreyaya qarşı müharibə vəziyyətində olduğunu elan edib. Ölkədə hərbi vəziyyət elan olunub. Bu barədə Şimali Koreyanın STAK agentliyi rəsmi hökumət fərmanına istinadən məlumat verir.

"Hökumət, siyasi partiyalar və təşkilatların bütün fəaliyyətləri ölkəmizin Cənubla müharibə vəziyyətində olması şəraitinə uyğunlaşdırılacaq. Bu andan etibarən Koreyalararası münasibətlər müharibə vəziyyətinə qədəm qoyur və iki Koreya arasında bütün məsələlər müharibə dövrünün qanunları ilə həll olunacaq", deyə xəbərdə bildirilir.

Şimali Koreya televiziyasının efirində səsləndirilmiş KXDR partiya, nazirlik və digər qurumlarının birgə bəyanatında həmçinin "Koreya yarımadasında nə sülh, nə də müharibə adlandıra bilməyən qeyri-müəyyənlik şəraitinin sona çatdığı" bildirilib.


AzNews.az