Prezidentin 16 yaşlı qohumu qəza törətdi: 3 ölü, 3 yaralı

Tacikistan prezidentinin qohumu, Dövlət Dəmir Yolları Şirkətinin rəhbəri Amonullo Hukumatullo və onun oğlu Rəsul istintaqa cəlb edilib.

AzNews.az "Radio ozodi"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Tacikistan DİN-i yayıb. Ata-oğul bir müddət əvvəl baş verən və ölümlə nəticələn qəza ilə bağlı ifadə verib. Qəza baş verən zaman maşını A.Hukumatullonun oğlu idarə edib. Gəncin törətdiyi qəza nəticəsində digər maşının sürücüsü Avovuddin Səidov və 2 sərnişin dünyasını dəyişib. Daha 3 nəfər isə yaralanıb. DİN-in məlumatına görə, prezidentin qohumu olan gənc maşının yüksək sürətlə idarə edib. "Avesta" agentliyi isə xəbər verir ki, Rəsulun cəmi 16 yaşı var və onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Oktyabrın 9-da baş verən hadisədən dərhal sonra Rəsul Almaniyaya göndərilib, ancaq sonra geri qaytarılıb. Məlumata görə, onun ölkəyə qaytarılması tapşırığını birbaşa ölkə prezidenti verib. Baş verən hadisə ölkədə böyük səs-küyə səbəb olub.

Qeyd edək ki, bir neçə il əvvəl prezidentin qohumu olan bu məmurun böyük oğlu Rüstəm də qalmaqalla gündəmə gəlib. 2008-ci ildə Rusiyada Rüstəm və bir neçə dostu saxlanılıb ki, onlardan da 10 kq əfqan heroini tapılıb. 9,5 il azadlıqdan mərhum edilən Rüstəm 2012-ci ildə gözlənilmədən azadlığa çıxıb. Buna səbəb kimi

Tacikistanda həbs edilən təyyarəçi Vladimir Sadovniçin azad edilməsi göstərilsə də, rəsmi Düşənbə bunu inkar edib.

Elnur
AzNews.az