Terrorda ittiham edilən müsəlmanların məhkəməsi başladı

Britaniyada bir sıra terror aktları törətməyi planlaşdıran 3 müsəlmana qarşı ittiaham irəli sürülüb. 31 yaşlı İrfan Nəzər, 27 yaşlı İrfan Xalid və Aşiq Əlinin adlarının çəkildiyi olay dünya mətbuatının diqqət mərkəzindədir.

Londonda keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Brayn Altman bildirib ki, polis planlaşdırılan terror aktlarının qarşısını alıb. Terror aktlarının masştabına görə 2005-ci ildə bu ölkədə törədilən və çox sayda qurbanın olduğu terror hadisəsindən də böyük olacağı güman edilib.

Belə ki, təqsirləndirilən şəxslərin ümumilikdə 8 terror aktı planlaşdırdığı bildirilsə də, həbs edilən müsəlmanlar onlara qarşı irəli sürülən ittihamı qəbul etmir.

"İnterfaks"ın məlumatına görə, bu işlə əlaqədar Britaniyanın hüquq-mühafizə orqanları ümumilikdə Pakistan və Banqladeşdən olan, aralarında bir qadının da olduğu 11 nəfəri həbs edib.

Elnarə Əlosmanqızı
AzNews.az