1992-ci ildə parlament necə idi? İclas zamanı siqaret çəkən, etikadan kənar ifadələr işlədən, ortalıqda gəzən kim... 1992-ci ildə parlament necə idi? İclas zamanı siqaret çəkən, etikadan kənar ifadələr işlədən, ortalıqda gəzən kim...

Digər insanlardan heç nə ilə fərqlənmirik - Aydın Hüseynov "Deputatın gündəliyi"ndə

1992-ci ildə parlament necə idi? İclas zamanı siqaret çəkən, etikadan kənar ifadələr işlədən, ortalıqda gəzən kim...

AzNews.az-ın "Deputatın gündəliyi" rubrikasının bu günkü qonağı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovdur.

- Aydın müəllim, bir neçə aydır ki, müsahibə üçün görüşümüz alınmır. Səbəb də vaxtınızın azlığıdır. Deputatlar niyə hər zaman vaxtdan giley edirlər?

- Doğrudan da hamımız deyirik ki, vaxt elə bil uçur. Deputat digər vəzifəli şəxslərlə müqayisədə bir az ictimailəşmiş fiqurdur. Burada həm seçicilərlə görüş, həm də müxtəlif tədbirlərdə iştirak faktorları var. Bir də görürsən, bir gündə 2-3 tədbirə qatılmalı oluruq. Yaxud mətbuat orqanlarından müəyyən dəvətlər olur və ya seçildiyin rayonla bağlı hər hansı bir tədbir keçirilir. Digər tərəfdən, qohumlar, dostlar, əvvəlki və ya hazırki iş yoldaşlarının da yaxşı mənada müraciətləri çox olur. Çalışıram ki, onların da çağırışlarına gedim, yanlarında olum və s. Bütün bunların fonunda həqiqətən də istənilən hər şeyə anındaca vaxt tapmaq çox çətin olur. Deputat olmayanda yalnız iş yoldaşlarınla münasiətdə olursan və işin səmti də bir yana olur. Amma deputat daim gərək fərqli-fərqli insanlarla ünsiyyətdə olsun.

- Gündəlik işlərinizi konkret plan üzrə aparırsınız, yoxsa günün axarına buraxırsınız?

- Əlbəttə, qrafiksiz iş görmək qeyri-mümkündür. Bilirsən ki, sabah hansı tədbirlərdə olmalısan. Biz birinci növbədə Milli Məclisin üzvüyük, iş yerimiz parlamentdir. Ona görə də iş qrafikində parlamentin iclasları, tədbirləri ön sırada qeyd olunur. İnanıram ki, bu, təkcə mənim üçün deyil, digər deputatlar üçün də belədir. Digər tərəfdən, mən Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının sədriyəm. Ona görə də birmənalı olaraq həm deputat, həm də partiya fəaliyyətimlə bağlı nə iş görməliyəmsə, əvvəlcədən onların qeydiyyatını apaıram.

- Aydın müəllim, bəs sizin qeyri-rəsmi fəaliyyətiniz nədən ibarətdir. Məsələn, hobbiniz və ya əlavə məşğuliyyətiniz varmı?

- Açığını deyim, xüsusi olaraq mənim hər hansı bir hobbim yoxdur. Bəzən axşamlar gəzintiyə çıxıram, fiziki hərəkətlər edirəm. Amma buna hobbi demək olmaz. Buna sadəcə olaraq yaşam tərzi kimi baxmaq lazımdır. Eyni zamanda, hər gün intenet üzərindən gündəmi - ölkədə və dünyada baş verən prosesləri izləyirəm. Bunu da hobbi saymıram. Çünki ictimai fəaliyyətdə olan hər bir kəs, elə siz də hər gün bunu edirsiniz.

- Anlaşılan odur ki, gündəlik qrafikiniz doludur. Bəs şəxsi həyatınıza necə vaxt ayırırsınız?

- Adamın özündən asılı olmayaraq bir standartlar müəyyənləşir. Məsələn, mən ailə üçün hansı işləri görməliyəmsə o artıq müəyyənləşir. Hər bir ailənin müəyyən qayğıları olur. Digər tərəfdən toy var, qohumların hansısa xeyir işi var, eləcə də bizim. Biz hamımız eyni cəmiyyətdə yaşayırıq, hamı üçün eyni standartlar var. Ona görə deputat şəxsi məsələlərdə heç də digər vətəndaşlardan fərqlənmir.

- Seçicilərinizlə necə, hansı formada görüşürsünüz?

- Hər 3-cü gün qəbul günlərim olur. Seçicilər telefon nömrəmi belə bilirlər. İstədikləri zaman zəng edib birbaşa danışırlar. Digər tərəfdən uzun illərdir ki, Qaradağda YAP-ın sədriyəm. Gənclik dövrümdəki bütün fəaliyyətim də demək olar ki, Qaradağda olub. Ona görə də qəsəbədəki bütün insanlar məni, mən də onları tanıyıram. Bu mənada seçicilərlə görüş üçün xüsusi bir prosedur və ya problem yoxdur.

- Bəzən deputatları iki qrupa bölürlər – aktiv və passiv. Bu barədə siz nə deyə bilərsiniz?

- Mən belə deməzdim. Birincisi, Milli Məclisdə deputatın fəaliyyəti qanunların hazırlanmasında, qəbul olunmasında iştirak etməkdir. Mən hələ görməmişəm ki, hansısa deputat qanunun qəbul olunmasında iştirak etmək istəməsin. Mən qanunvericiliyin qəbul edilməsi prosesində Milli Məclisdə təmsil olunan deputatların hər birinin aktivliyini görürəm. Onlar təkcə plenar iclasda deyil, komitə iclaslarında da iştirak edir, öz fikirlərini deyirlər. Digər tərəfdən səsvermədə hər kəs iştirak edir. Plenar iclasda danışmayan, fikrini yazılı formada çatdırır...

- Söhbət ictimai-siyasi proseslərə münasibət bildirməkdən gedir.

- Mən sizi başa düşürəm. Dediyim kimi, deputatın bir nömrəli vəzifəsi qanunvericilik prosesində iştirak etməkdir. Yəni biz hansısa deputata deyə bilmərik ki, sən passivsən. Çünki o əsas funksiyasını yerinə yetirir. Bəli, bir məsələ var ki, hansı deputat mətbuatla daha sıx işləyir?! Artıq bunu mətbuat qiymətləndirə bilər. Düşünürəm ki, əksər deputatlarımız ictimai-siyasi proseslərdən o qədər də kənarda qalmır.

- Milli Məclisdə deputatlar arasında intriqa varmı?

- Artıq 4-ilə yaxındır ki, parlamentdəyəm, orada birmənalı olaraq heç bir intriqa görməmişəm. Belə bir şey yoxdur. Bu gün Azərbaycan parlamenti sözün əsl mənasında ən yüksək keyfiyyətlərə malikdir. Xatırlayırsınızmı, 1992-ci ildə parlament necə idi? Orada iclas zamanı siqaret çəkən kim, etikadan kənar ifadələr işlədən kim, ortalıqda gəzən kim, nə bilim dava, qırğın salan kim... Bu gün isə parlamentdə hər cür şərait yaradılıb. 125 deputatın hər birinin ayrılıqda otağı, masası, kompyuteri, internetə çıxışı, hökumət telefonu və s. var. Parlamentin iclasları da çox rahat və etik çərçivədə keçirilir. Çıxış etmək istəyən hər bir deputata şərait yaradılır.

- Bəzən görürük ki, deputatlar hansısa məsələ ətrafında bir-birinə zidd açıqlamalar verir. Konkret olaraq, ötən ay Vahid Əhmədov manatın ciddi şəkildə dəyər itirəcəyini dedi, siz isə açıqlama verdiniz ki, Vahid müəllim yanlış düşünür. Bu kimi şeylər sonradan deputatlar arasında konflikt yaratmır ki?

- Əsla yox. Vahid müəllim də iqtisadçıdır, mən də. Hərənin öz fikir plülarizmi var. O, öz fikrini deyir, mən də öz düşüncəmi ifadə edirəm. Bizim parlament tam demokratik və çox partiyalı şəkildə formalaşıb. Orada müxalifət, iqtidar və bitərəf deputatlar cəmləşib. Hər kəs öz fikirlərini azad şəkildə ifadə edə bilər. Ona görə də deputatların hər hansı bir məsələ ətrafında fikir ayrılığı olmasının şəxsi münasibətlərə heç bir təsiri yoxdur. Sadəcə olaraq, gərək maliyyə, bank sektoru ilə bağlı fikirlər səsləndirərkən gərək çox ölçüb-biçək. Çünki yanlış fikirlər bəzən öz mənfi təsirlərini göstərir.

- Son olaraq, deputat olmaq sizin üçün nə deməkdir?

- Mən Yeni Azərbaycan Partiyasının dəstəyi ilə deputat seçildiyim üçün üzərimdəki ən böyük məsuliyyət bu partiyanın etimadını doğrultmaqdır. Digər tərəfdən, cəmiyyətdə bizə hörmətlə yanaşılır. Bizə bu cür hörmət bəslənirsə, gərək bu hörməti qoruyub-saxlayaq. Bizə göstərilən diqqət əslində üzərimizə çox ciddi məsuliyyət qoyur.

Elgün MƏNSİMOV
AzNews.az