Anar və intellektual media

Baş redaktoru olduğum AzNews.az analitik-informasiya saytı və intellektual media platformasıdır. Hazırda sosial şəbəkələrdə sürətlə yayılmaqda olan 87 yaşlı xalq yazıçımız Anar haqqında emosional və şəxsi yönümlü ittihamlar bizim media qurumu üçün qəbuledilməz mövzudur.

Düşünürəm ki, bu proses cəmiyyətin mədəni yaddaşının, əxlaqi kodlarının və institusional etikasının qorunması məsələsidir və ona görə də baxış bucağımızı açıqlamaqda yarar var.

Əvvəla, Anarın timsalında bir ziyalının hədəfə alınması heç bir halda şəxsi mübahisə sayıla bilməz və ictimai təhlükəli tendensiyadır. Ziyalıya qarşı yönəlmiş təhqiramiz ritorika həmin insanı deyil, bütövlükdə mədəni sferanı zəiflədir.

Anar Azərbaycan ədəbiyyatının bir neçə onilliyini formalaşdırmış nadir simalardan biridir. Onun nüfuzdan salınması, əslində, ziyalı institutunun aşınmasıdır. Ziyalıya hücum edənlər sonucda dövlətə və cəmiyyətə qarşı yönəlmiş düşüncə zəminini yaradır. Bu zəmin hər zaman populizmə, dayaz polemikaya və mədəni deqradasiyaya yol açır.

İkincisi, 87 yaşlı bir yazıçının fiziki durumunu siyasi, şəxsi və təşkilati mübarizə alətinə çevirmək mənim aləmimdə barbarlıqdır. Anar tutalım hansısa xəstəxanaya araba ilə girib, bu adi insani vəziyyətdir. Amma bu vəziyyətdə onun intellektual dəyəri azalırmı? Qətiyyən! Bu yanaşma ədəbiyyatın, sənətin və humanizmin mahiyyətinə ziddir.

Üçüncüsü, əgər Yazıçılar Birliyinin fəaliyyəti, idarəetmə modeli, nizamnaməsi ilə bağlı suallar varsa- bu, institusional müzakirənin mövzusudur. AzNews.az olaraq bu müzakirəyə hazırıq. Gəlin, ədəbi prosesi, ədəbiyyatımız qarşısında dayanan hədəfləri, AYB-ni müzakirə edək. Amma heç bir halda müzakirələr şəxsiyyətə hücum olmamalı, ləyaqət sınırlarını aşmamalıdır.

Dördüncüsü, ziyalılar- ədəbiyyatçılar, alimlər, sənətkarlar- bu gün Azərbaycanın mədəni irsinin davamlılığının, sekulyar identitetinin, modern dövlətçilik düşüncəsinin dayaqlarıdır. Bu qrupun nüfuzunun zədələnməsi ölkəmizdə ictimai rəyin keyfiyyətini aşağı salır, cəmiyyətin intellektual enerjisini zəiflədir, gənclərin mədəni oriyentasiyasını pozur, dayanıqlı inkişaf üçün zəruri olan mədəni bazanı dağıdır.

Bu mənada, Anara hücum yalnız Anara hücum deyil- Azərbaycan ziyalılığının özünə, təməlinə qəsddir.

Taleh ŞAHSUVARLI