Ölkənin gəlmiş-keçmiş ən böyük korrupsionerinin Azərbaycana qəsd planı Ölkənin gəlmiş-keçmiş ən böyük korrupsionerinin Azərbaycana qəsd planı

Qoca vampirin təzə iştahı

Ölkənin gəlmiş-keçmiş ən böyük korrupsionerinin Azərbaycana qəsd planı

Azərbaycan fərqli bir ölkə, fərqli bir respublikadır. Bu ölkənin tarixi var, bu cəmiyyətin tarix şüuru var, bayraqdarları var, dövlət və millət naminə sinəsini vətənə tuşlanmış oxlara sipər çəkməkdən, güllə qabağına verməkdən çəkinməyən oğulları, qızları var.

“Azərbaycan” deyəndə kiminsə gözünün önünə daş, kəsək, çay, bulaq, dağ, dərə gələ bilər. Şəxsən mənim gözlərimin önünə Qobustanda qayaların səthinin üstünə əllərinin qabarı ilə, ovuclarından sızan qan damlaları ilə siuletlər çəkən əcdadlarımız gəlir.

İnsanlar gəlir!

Alp Ər Tunqa gəlir!

Alp Ər Tunqadan sonda bu torpaqları bizlərə əbədi yurd etmək üçün, “Azərbaycan” adını tarixə əbədi həkk etmək üçün neçə-neçə fatehlər, düşüncə və ideya adamları gəlir.

Sevərsiniz, ya sevmərsiniz, dərk edərsiniz, ya etmərsiniz, bu məmləkəti vətən edən, dövlət edən, respublika edən kişilər var, o kişilərin sayəsində adına “dövlət ənənəsi” dediyimiz bir xətt, tarixi üslub var.

Prototürk qəbiləsi muğlardan- türklərlə moğolların ayrılmadığı dönəmlərin ulusundan başlayır o xətt, ən qədim tariximizdə Alp Ər Tunqa ilə zirvəyə yüksəlir, Atropatdan Babəkə, Babəkdən Şah İsmayıla, Şah İsmayıldan Məhəmməd Əmin Rəsulzadəyə, Rəsulzadədən Elçibəyə qədər uzanır.

Bu günlərdə BBC-nin Azərbaycan versiyasında bir məqalə oxudum. “Məqalə” dediyim ötən əsrin əvvəllərində Bakını və Azərbaycanın bir hissəsini zəbt etmiş ingilis hərbi hissəsinin komandirinin öz ölkəsinə göndərdiyi raport idi.

Bizim hər birimizin sevdiyi, bəzən məhz o sevgi naminə tarixi gerçəklikləri belə ört-basdır etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı hərbi komandanın imzaladağı raportda bir cümlə diqqətimi çəkdi.

Azərbaycan Xalq Cümhuriyyətinin hökumətlərindən danışarkən xüsusi qeyd edirdi ki, ölkə rəhbərliyində təmsil olunanların heç birinin dövlət idarəçilik təcrübəsi yoxdur.

Bəli, idealist olmaq başqa, təcrübəli olmaq başqa, təcrübəyə istinad edən bir idealizmə malik olmaq tamam başqadır.

Ulu Öndər Heydər Əliyevin fərqini də bu yaradırdı, Heydər Əliyevin Azərbaycan idealizmi ilə dövrün hakimiyyət iddialıları arasındakı düşüncə və əməl uçurumu da məhz bu fərqdən meydana gəlirdi.

Bu gün Heydər Əliyev həyatda yoxdur. Amma onun siyasət və ləyaqət fəlsəfəsini, millət məfkurəsini, dövlətçilik anlayışını həm şəxsi, həm də ictimai müstəvidə ŞƏRƏF hesab edərək Azərbaycanı tərəqqiyə qovuşdurmaq amalı ilə usanmadan və bütün riskləri göz önündə tutaraq fəaliyyət göstərən, tarixi şansımız olan bir lider- İlham Əliyev var.

Çox qısaca deyəcəm İlham Əliyevi dəstəkləməyimin səbəblərini:

1) Son dərəcə yüksək intellektə, müasir mədəniyyətə, çağdaş düşüncəyə malik bir şəxsiyyətdir.

2) Sevgi potensialı böyük, hər bir kəsi bağrına basmağa hazır olan, xeyirxah, Azərbaycan kişisinin mərdlik və mübarizlik kodekslərini öz xarakterində əks etdirən BÜTÖV bir adamdır.

3) Böyük Azərbaycan davasını aparan, Böyük Azərbaycan davasının önündəki əngəlləri görən və aşmaqdan çəkinməyən cəsur bir idrak sahibidir.

Bəli, bu ölkədə saysız-hesabsız problem var. Bu ayrı! Amma həmin problemlərin hansını istəyiriksə çözələyək, kökündə köləlik problemi var. Demək ki, o problemin həlli üçün millətin azadlıq düşüncəsini, təcrübəsini və xəttini izləmək lazım!

Bu dünyanın inkişaf etmiş ölkələrinin son 200 illik tarixinə baxın, hər biri üç-beş il istisnalarla müstəqil olub. Axı biz son iki yüz ildə kölə olmuşuq, təbii sərvətlərimiz istismar edilib və ictimai fikir adına çox cüzi istisnalar olmaqla dünya səviyyəsinə çıxaracaq bir məhsulumuz olmayıb?!.

Axı dünya siyasətinin gündəmində, məsələn, “erməni məsələsi”nin ən azı 300 illik tarixi olduğu halda, Azərbaycan öz məsələsini Paris Sülh Konfransına çıxarmaq üçün aylarla yol gedən gəmidir?!..

Əlbəttə, hər kəs istəyər ki, biz cəmi 28 illik yeni müstəqilliyimiz tarixində 280 illik yol qət edək, amma bunun bir realist tərəfi, misal çəkirəm, adicə corab istehsal etməyə qadir kadr, sərmayə, infrostruktur bazası da lazımdır axı. Yadıma gəlir, sovet dövründə Bakıda bir ayaqqabı fabriki vardı, məhsullarını kimsə geyinmirdi. Bir neçə tikiş fabriki vardı, kostyumlarını əyninə geyməyi kimsə özünə layiq bilmirdi. İndi nədir, bu ölkədə “Pierre Cardin” istehsal edirdiniz də, İlham Əliyevmi qoymadı?

Əksinə, millət, İlham Əliyev Azərbaycanı cırıq corablardan, yırtıq ayaqqabılardan xilas edən, istehlak edən toplumdan istehsalçı cəmiyyətə çevirən bir liderdir.

Bu liderin arxasında durmaq, onu bundan sonra da dəstəkləməklə Azərbaycanın tərəqqisinə xidmət etmək lazımdır.

Bəli, bizim tərəqqiyə ən böyük xidmətimiz- İlham Əliyevi dəstəkləməkdir!

Bəlkə də çox uzun yazdım, üzrlü sayın, amma deməli idim.

Bu gün Azərbaycan tarixinin gəlmiş-keçmiş ən böyük korrupsioneri, ən qəddar, ən ətiacı, ən idbar məmuru olan Əli İnsanovun məhbəsdən çıxar-çıxmaz Azərbaycan dövlətinə meydan oxumasına daha yumşaq reaksiya verməm mümkün deyildi.

Bu ölkədə səhiyyə sistemini elə hala gətirmişdi ki, üstündən on illər keçsə də, Azərbaycan xəstəxanalarındakı rüşvət mexanizmini heç bir spirtlə yumaq, uyuşdurucu maddə ilə sakitləşdirmək olmur. İndi bu rüşvətxorun, tamahkarın, evindən külçə-külçə qızıllar, karat-karat ləl-cəvahiratlar çıxan acgözün yekəsi öz sarı plaşı və sarı kepkası ilə gözlərimizi boyamaya çalışır.

Azərbaycan jurnalistinə, gənc bir xanıma “konkret ... rədd ol” burdan deyə “konkret s.. dir” komandası verən Əli İnsanovdur o, yağış yağıb, çatlar örtülməyib, indi kimə “demokratiya dərsi” keçir?

Hardaydı onun böyük ABŞ-ı, nəhəng Avropası Əli İnsanov tutulanda?

Yoxsa, 14 ildə böyüdülər, nəhəngləşdilər?

Bax, Əli İnsanov, satqınlar və vətənə xəyanət edənlər heç vaxt heç kimin umurunda olmur, sən bir zavallısan, sən bir naxoş qocasan! Sadəcə, mənim üçün, Azərbaycan üçün deyil, bütün dünya üçün. Sənin protez dişlərini ağarda-ağarda “Azərbaycanı avtoritarizmdən xilas edəcəyik” kimi hikkəyə qapılmağın olsa-olsa özünün əcəl zəngindir, nə qədər gen qazarsan, dərin qazarsan, özünə qazarsan, heç unutma! Prezindentin əfvi ilə azadlıqda olduğunu əsla unutma!

Yaxşılıq bilən biri də deyil. Guya onun hüquqlarını qorumaq üçün müdafiə komitələrini yaranmışdı, ictimai təşkilatlar, siyasi partiyalar, bəzi media orqanları “qoca kişidir, çıxıb nəvələri ilə oynayacaq” qəbilindən mesajlar verməklə bütün ölkənin ürəyini yumşaltmağa çalışdırdılar. Birinə belə təşəkkür etmədi.

Sən demə, qururluyumuş, sən demə, qətiyyətli imiş! Nə qururundan, nə qətiyyətindən danışırlar anlamıram, öz ölkəsində adam yerinə qoyulmayan bir səfirin “tırka”sına gedib Azərbaycanı satmışdı, öz liderini, öz komandasını, öz cəmiyyətini və millətini satmışdı. Bir neçə müxalifət partiyasının sədrinə, üç-beş hüquq müdafiəçisinə qəpik-quruş sızdırıb, adını siyahılara saldırmışdı. Məhbəsdən çıxar-çıxmaz pul kisəsini cingildədib mesaj verdi: “Bilmək olmaz hələ, kim kimin ətrafında birləşəcək”.

Özünü təzə Rüstəm İbrahimbəyov olaraq təqdim etdi. Pula aldanan, vətəni və dövləti satmağa amadə kim varsa, getsin, o Rüstəm İbrahimbəyovdan daha nanəcib və şarlatan olan İnsanovun ətəyindən yapışsın. Birlikdə kin güdsünlər, bərabər hərraca çıxsınlar, əl-ələ, çiyin-çiyinə, ağız-ağıza verib istənilən havaya oynasınlar. Əgər söhbət İsa Qəmbərdən, Etibar Məmmədovdan, Əli Kərimlidən, Mirmahmud Mirəlioğludan, Pənah Hüseyndən, İqbal Ağazadədən, İlqar Məmmədovdan gedirsə, deyirəm, bir qırağa yazın: bu adamların hər biri Əli İnsanov kimisinin yüzünü suya susuz aparıb, susuz gətirərlər, indi üç-beş kəlimə “oğru jarqonu” öyrənib deyə, Azərbaycan siyasətinə raconmu kəsəcək bu qoca hərdəmxəyal, sanki məhbəsdən deyil, insanlıqdan çıxmış bu siyasi vampir?

Azərbaycanda gedən bütün islahatların, Azərbaycan prezidentinin gerçəkləşdirdiyi bütün dövlət proqramlarının bir hədəfi var: ölkəni kölgə iqtisadiyyatından sərbəst bazar modelinə keçirmək.

Kölgə iqtisadiyyatından bəhrələnənlər üçün Əli İnsanov bir şans olaraq görsənə bilər, amma o iqtisadiyyat da, o mənəviyyat da, o xəyallar da İlham Əliyevin şəxsiyyəti, inamı və cəsarəti qarşısında batmağa, puç olmağa məhkumdur!

Taleh ŞAHSUVARLI,

AzNews.az xəbər portalının Baş redaktoru