CƏMİL VƏ MƏMMƏD HƏSƏNÇİLİK- III MƏQALƏ

Məmməd Əmin Rəsulzadə hər cür sayğıya layiqdir. Ömrü mərhumiyyətlərlə keçib, analığı, həyat yoldaşı sürgündə dünyasını dəyişib, oğlu güllələnib, bir qızı soyuqdan donub, digəri itkin salınıb. Çox zəngin bədii-publisistik irsi var. Belə bir siyasi xadimə qarşı qərəzli olmaq heç bir yazı-pozu adamına yaraşmaz. Ancaq misilsiz xidmətləri və fədakarlıqları Rəsulzadəni Azərbaycan istiqlal hərəkatının ideoloqu və respublikanın qurucusu saymağa, AXC dövlət təşkilatının formalaşmasında əlahiddə rol oynadığını söyləməyə əsas vermir. Məmməd Əmin bəy öz ictimai-siyasi fəaliyyətinə təxminən 1902-ci ildə başlayıb, daha sonra Çaparidze və Əzizbəyovla birlikdə “Hümmət”çi olub. “Hümmət”dəki fəaliyyəti çar hakimiyyətinin diqqətini çəkdiyindən İrana mühacirət edib, orada qəzet çıxarıb və yeni təzyiqlərlə üzləşdiyindən İstanbula adlayıb. O, İstanbulda olduğu müddətdə Bakıda “Müsəlman Demokratik Firqəsi-Müsavat” yaradılıb. Müsavat öz birinci proqramına əsasən Rəsulzadənin vaxtilə “Hümmət”çi olaraq tənqid etdiyi utopiya- Asiya, Afrika və Avropa müsəlmanlarının vahid islam dövlətində birləşməsi uğrunda mübarizə aparan panislamist təşkilat idi. Rəsulzadə 1913-cü ildə Bakıya qayıtdıqdan sonra yaradılmasını arzuladığı “Müsavat”ın başına keçib. Bakıda “İqbal” və digər bir qəzetlərdə çalışdıqdan sonra türkçü “Açıq Söz” qəzetinin nəşrinə başlayıb. Zaqafqaziya Müsəlmanları Qurultayında, Ümumrusiya Müsəlmanları qurultayında ərazi muxtariyyəti tələbini irəli sürüb.

Qeyd 1: Hər iki qurultayın sədarətində Rəsulzadədən daha nüfuzlu siyasi xadim kimi Əlimərdan bəy Topçubaşov oturub.

Qeyd 2: Əlimərdan bəy Topçubaşov Əhməd bəy Ağaoğlu Bakını tərk etdikdən sonra ölkədə ən nüfuzlu siyasi fiqur idi. Hələ 1918-ci ilin martında Rusiyadakı Müvəqqəti Hökumətin keçirdiyi məşvərətdə Aleksandr Kerenski qarşısında “30 milyonluq Rusiya müsəlmanları adından” milli-mədəni muxtariyyət məsələsini qaldırmışdı.

Qeyd 3: Rusiya xalqlarına milli-mədəni muxtaiyyət verilməsi Rusiya kadetlərinin proqramına daxil idi və sözügedən müsəlman qurultaylarından təxminən 10 il öncə kadetlər təəccüb edirdilər ki, nədən Qafqaz müsəlmanları bu məsələyə laqeyd yanaşır, onun siyasi tələbə çevirmirlər. Ə.Topçubaşov və F.X. Xoyski kadet idi.

Terotorial muxtariyyət tələbi Azərbaycanın Rusiya tərkibində indiki Tatarıstan statusunda bir federasiya olmasından uzağa getmirdi. Fevral inqilabından sonra Nəsib bəy Yusifbəyli Gəncədə Türk Federalist Partiyası yaratmışdı. Zaqafqaziya Müsəlmanları qurultayında Rəsulzadə də türk federalisti kimi çıxış etdiyindən kulislərdə bu iki partiyanın birləşməsi gündəmə gəldi. Partiyalar birləşərkən Müsavat TFP-i deyil, TFP Müsavatı ideoloji baxımdan özününküləşdirdi. Hətta kəskin baxış fərqinin olduğu aqrar məsələlərdə də Nəsib bəy Yusifbəylinin proqramı keçdi. Gəncədəki türk federalistlərinin Müsavatla birləşməsi Rəsulzadənin liderliyi, xarizması ilə bağlı deyildi. Lüfəli Behbudov-Hacı Zeynalabdin Tağıyev məhkəməsindən sonra Gəncə-Qarabağ ziyalıları Bakıdan qovulmuşdu. Bakıda siyasi fəaliyyət göstərmək üçün onlar ilk növbədə Tağıyevdən qorunmalı idilər. TFP ilə birləşənə qədər “Müsavat” məhəlli təşkilat idi və Rəsulzadənin birbaşa sədrliyi altında fəaliyyət göstərdiyi 4 il ərzində bütün ölkəyə yayıla bilməmişdi. Maraqlar üst-üstə düşdüyündən birləşmə baş tutdu.

16 may 1918-ci ilə qədər M.Ə. Rəsulzadənin “Əqdnamə”də təsbit olunduğu formada Azərbaycanın müstəqilliyindən bəhs edən bircə cümləsi də yoxdur. Bəzi “görkəmli tədqiqatçılar” iddiasına görə, guya Müsavat tərəfindən belə bir məqsəd qarşıya qoyula bilməzdi ona görə ki, dövrün şərtləri müsaid deyildi. Gözlərinin içinə qədər yalan danışır və saxta dəlil istehsal edirlər. 1904-cü ildə Parisdə məşhur fin siyasi xadimi Konni Silliakusun təşkilatçılığı ilə konfras keçirilmiş və tədbirdə iştirakçıların mənsub olduqları xalqların milli müqəddərat hüququnu dəstəkləyən qətnamə qəbul edilmişdi. Konfrasda gürcü və erməni partiyaları iştirak etsələr də, Qafqaz müsəlmanlarından kimsə yox idi. Bu barədə “İstoriya SSSR” jurnalının baş redaktoru kimi adı əksər tarixçilərə yaxşı məlum olan Kornelli Şatsillo “Rus liberalizmi inqilab ərəfəsində: 1905-1907-ci illər” adlı kitabında geniş məlumat verir. Bizə həm də o məlumdur ki, məhz həmin konfransdan sonra daşnaklar 1905-ci ildəki “Erməni- Müsəlman davası” başladılar. Ermənilər və gürcülər üçün xeyli vaxtdır açıq olan bir məsələ 1911-17-ci illər arasında azərbaycanlılara gələndə nədən “tez” və ya “mümkünsüz” olsun?

Zaqafqaziya Müsəlmanlarının Mərkəzi Şurasının (ZS-nin müsəlman bloku ilə qarışdırmamalı- T.Ş) 16 may 1918-ci ildə keçirilən və M.Ə.Rəsulzadənin iştirak etmədiyi toplantısında Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin çox çəkməyəcəyini bildirir. O, Azərbaycanın müstəqilliyinin elan olunmasını labüd sayır. Bu təklif Xəlil bəy Xasməmmədov tərəfindən də dəstəklənir. Xasməməmədov dərhal hərəkətə keçməyin və müstəqilliyin elanı üçün formal şərtlərin hazırlanmasının vacib olduğunu vurğulayır. İclasın rəsmi protokoluna görə, Xəlil bəyin təklifləri bütövlükdə qəbul olunur. Bu səsverməyə qədər Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı mənbələrdə iki fakt var. Bunlardan birincisi tarixçi alim Nəsiman Yaqublunun üzə çıxardığı xatirədir. Xatırlamaya görə, Bakı qırğınından sonra Zaqafqaziya seymində təmsil olunan partiyalar yığışaraq müstəqillik məsələsini müzakirə ediblər. Lakin bu müzakirə arxiv sənədləri ilə təsdiq olunmur, müzakirələrin təfsilatı naməlumdur. İkinci faktı isə erməni tarixçisi Sventoxovski təqdim edib. Onun yazdığına görə, Fətəli Xan Xoyskinin yaxın qohumu olan Aslan xan Xoyski 1915-ci ildə “Difai”nin nümayəndəsi kimi Ərzuruma gedərək Ənvər paşa ilə görüşüb və ondan İrandan, Rusiyadan və Osmanlıdan bağımsız dövlət qurulması üçün dəstək istəyib. Ənvər paşanın da təqdir etdiyi bu plana görə, yaranacaq dövlət şimali Azərbaycan xanlıqları ilə yanaşı, Dağıstan və Tereki də əhatə etməli idi.

Bu baxımdan heç də təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, müstəqilliyi elan olunan dövlətin “Azərbaycan” adlanması və respublika modelinin seçilməsi “Difai” cizgisindən gələn Nəsib bəy Yusifbəylinin təşəbbüsüdür.

Milli Şuranın 28 may 1918-ci il tarixli iclasında (eləcə də bir gün öncəki) Rəsulzadə Batumda olması səbəbindən iştirak etməyib. Toplantıda dövlət müstəqilliyinin elan edilməsini rəsmən təklif edən Xəlil bəy Xasməmmədovu Rəsulzadə mühacirət dövründə Müsavatdan qovdurub. Azərbaycanın istiqlalını ərsəyə gətirən fikir müəssisəsinin “yekun qətnaməsi” AXC-nin Konstitusiya Aktı- “Əqdnamə”dir. Bu mükəmməl sənədin tərtib olunmasında Rəsulzadənin heç bir rolu yoxdur. Bəziləri “professor” titulunun arxasında gizlənərək ehtimal irəli sürürlər ki, “Əqdnamə”nin mətnini Nəsib bəy vasitəsi ilə Batumdan Gürcüstana Rəsulzadə göndərib. Bu ehtimalı əsaslandırmaq üçün Rəsulzadənin onilliklər sonra Azərbaycanın müstəqilliyinin “Vilson prinsipləri”nə əsasən elan edilməsi barədə dediklərinə istinad edirlər. Birincisi, Rəsulzadənin Batumda Azərbaycanın müstəqilliyinin konkret elan ediləcəyi vaxtdan xəbəri ola bilməzdi. Əks halda, Batumdan Osmanlı nümayəndələrinin göndərdiyi ultimatum Tiflisə Gürcüstan müstəqilliyini elan edəndən saatlar sonra çatmazdı. İkincisi, əgər doğrudan da “Əqdnamə”nin mətni Batumdan göndərilsəydi, sənəddə Rəsulzadə və Hacinskinin də imzaları olmalı idi. Üçüncüsü, Azərbaycanın müstəqilliyi Osmanlının Qafqazdakı varlığının əleyhinə çıxan və Ermənistanın “dəniz dövləti” olmasını nəzərdə tutan "Vilson prinsipləri"nə söykənə bilməzdi. Nəhayət, “Əqdnamə”nin preambluasında müstəqilliyi doğuran dış və iç zərurətlər aydın yazılıb. Orada Vilsonu xatırladan bircə kəlimə də yoxdur.

Azərbaycanın istiqlaliyyətini elan edən Milli Şura Rəsulzadənin rəhbərliyi altında yığışmayıb, onun təşkilatçılığı ilə formalaşmayıb. Bir gün sonra cümhuriyyət elan edəcək məclis Rəsulzadəni özünə Müsavat partiyasının say üstünlüyü səbəbindən qiyabi sədr seçib. Rəsulzadəyə MŞ sədri kimi səs verməyənlər (məsələn, Heybətqulu Məmmədbəyov) Azərbaycanın müstəqillik bəyannaməsini dəstəkləyiblər. AXC dövründə iki dövlət bayrağı təsdiq edilib. Bu bayraqlardan heç biri Rəsulzadənin şəxsi ideyasını əks etdirmir. İlk bayraq Osmanlının rəmzinə uyğunlaşdırılmışdı. İngilislərin xoşuna gəlmədiyindən dəyişdirildi. Üçrəngli bayrağın fəlsəfəsi Əli bəy Hüseynzadəyə məxsus idi. Parlamentin açılışında etdiyi çıxışda Rəsulzadə “bir kərə yüksələn bayraq, bir daha enməz” deyirdi. Zira dövlət bayrağının əsas binalarında qaldırılması üçün ingilislər icazə verməli idi. Cəmil Həsənli Osmanlı və İngilis hökumətlərinin Azərbaycan hökumətinin formalaşmasına təsir etmədiyini söyləyir. Ancaq II Hökumətdə hərbi nazir postunun ləğv edilməsi, general Tomsonun Xoyskiyə təyini arzulanan nazirlərin siyahısını verməsi danılmaz faktlardır. O da danılmaz faktdır ki, müharibə aparan, daşnakları süpürən, Bakını azad edən bir ölkənin silahlı qüvvələrinə Rəsulzadə heç 10 dəqiqə də olsun rəhbərlik etməyib, bircə dəfə də olsun komanda verməyib.

Paytaxt Gəncəyə köçdükdən sonra Milli Şura 17 uyunda keçirilən iclasda özünü buraxıb və Rəsulzadə sədr vəzifəsini itirib. Parlament açıldıqdan sonra isə qanunverici orqana Topçubaşov rəhbərlik edib. Milli Şuranın buraxılması ilə həm qanunverici, həm də icra hakimiyyəti ikinci Fətəli Xan Xoyski hökumətində cəmlənib. Dövlətin mübahisəsiz və şəriksiz başçısı Xoyski olub. Dövlət təşkilatının təməlləri də məhz ikinci hökumət tərəfindən atılıb. Bu müddətdə Rəsulzadə İstanbulda “diplomatik sürgün”də idi və rəsmi vəzifəsinin adı belə idi: “Azərbaycan Nümayəndəliyinin sədri”. Rəsulzadənin Nəsib bəy, Fətəli xan, Milli Şura, daha sonra parlament tərəfindən “mənəvi lider” kimi qəbul olunması da çox açıq yazıram, cəfəngiyyatdır.

Dövlətin üzləşdiyi ilk böhran zamanı vəziyyətdən çıxış formulunu Nəsib bəy tapmış, Nuru paşanın ətrafındakı adamların şuranın hüquqlarına müdaxilə etməsinə qarşı çıxsa da, dolayısı ilə Rəsulzadənin səlahiyyətlərindən məhrum edilməsini dəstəkləmişdi. Həmin toplantıda Rəsulzadəyə deyil, hökumətin başçısına- Xoyskiyə xitab edərək “inandığı adamlardan ibarət yeni kabinet yaratmağı” təklif etmişdi. Yenidən toplanmış Milli Şuranın 25 noyabr 1918-ci ildə keçirilən iclasında Xoyski, Rəsulzadə və digərləri eyni məsələ ilə bağlı fərqli təkliflər vermiş, Müsavat sədrinin təklifi cəmi 7 səs almış, səs çoxluğu ilə Xoyskinin formulu keçmişdi. Xalq Cümhuriyyəti hökuməti təhvil verən gün Rəsulzadədən başqa parlamentdə heç kim qərarın əleyhinə səs verməmişdi. Mərhum Ziya Bünyadov həmin iclasın stenoqramını çap etdirib və sənəddən məlum olur ki, Rəsulzadə çıxışında deyib: “Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq”.

AXC süqut edərkən parlamentin etimadına söykənən hökumət yox idi. Yusifbəylinin başçılıq etdiyi beşinci kabinetə etimadsızlıqdan sonra, ölkədə hökumət böhranı yaranmışdı. Parlamentdə çoxluğa malik partiya kimi hökumət qurmaq ixtiyarı Müsavatda, Müsavatın lideri isə Rəsulzadə idi. Digər xarici və daxili şərtlərlə yanaşı, AXC-nin tarixə qovuşmasında bu amilin- hökumət böhranının rolu həddən artıq böyükdür. Görəsən, Cəmil Həsənli və həmfikirləri izah edə bilərlərmi ki, müstəqillik daxildən və xaricdən təhdid altında olduğu bir dövrdə Məmməd Əmin Rəsulzadə Müsavat lideri və “dövlətin banisi”, iqtidarların mənəvi-siyasi qılavuzu olaraq olaraq nədən məsuliyyəti öz üzərinə götürüb hokumət qurmadı?

Sonda bir məsələni də deyim.

Mən özünü “Rəsulzadə yolunun davamçısı” hesab edən heç bir siyasətçini ciddiyə almıram. Bunun tək bir səbəbi var. Xatirəsi önündə ehtiramla baş əydiyim Məmməd Əmin Azərbaycanın yenidən konfederasiya formasında müstəqillik qazanacığına inanırdı. Bu məqsədlə 1934-cü ildə Qafqaz Konfederasiya Paktına imza atmışdı. Azərbaycan isə öz müstəqilliyini yenidən məhz unitar formada qazandı. Unitarizm Azərbaycan konstitusiyasının əsas prinsiplərindən biridir və konstitusiyamızın qoruması altındadır. Konstitusiyanın unitarlığın əks olunduğu 7-ci maddəsi dəyişdirilə və dəyişdirilməsi təklif oluna bilməz. Bu isə ən açıq şəkildə o deməkdir ki, Rəsulzadə yolu çağdaş Azərbaycan konstitusiyasına ziddir.

Taleh ŞAHSUVARLI