RSK-nın və BMT-nin qarşısına Üçtərəfli Bəyanatın 7-ci maddəsini qoymağın vaxtı çatıb RSK-nın və BMT-nin qarşısına Üçtərəfli Bəyanatın 7-ci maddəsini qoymağın vaxtı çatıb

Xankəndidə silahlı qiyam və iğtişaşlar gözlənilir

RSK-nın və BMT-nin qarşısına Üçtərəfli Bəyanatın 7-ci maddəsini qoymağın vaxtı çatıb

Ermənistan diplomatiyası BMT Təhlükəsizlik Şurasında iflasa uğradı və umduğu qətnaməni hətta layihə şəklində olsa da, müzakirəyə çıxara bilmədi. O gündən sonra erməni mediasında Xankəndi və çevrəsində guya “humanitar fəlakət”in mövcud olması barədə materiallar kəskin şəkildə azalıb. Bu da səbəbsiz deyil. Ənənəvi erməni hiyləsi BMT çapında Azərbaycan tərəfindən məharətlə ifşa olunduqdan sonra, rəsmi İrəvan başa düşür ki, humanitar fəlakətlə bağlı isterik bəyanatlar öz əleyhlərinə işləyir və Ağdam-Xankəndi yolunun açılmasını sürətləndirir. İndi erməni siyasiləri və ekspertləri daha çox Ağdam-Xankəndi yolunun açılmasına qarşı təbliğat aparırlar.

Ermənistanın Azərbaycanla şərti sərhədinin Laçın zonasında nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə rəsmi Bakı 44 günlük müharibədən sonra İrəvan da daxil olmaqla müxtəlif dairələr tərəfindən yenidən körüklənən erməni revanşizmi qarşısında aşılmaz sədd qurdu. Bu məntəqə işə düşənədək Ermənistanın provakator siyasiləri Xankəndini su yoluna döndərmiş, Qarabağdakı terrorçular isə həftə yeddi mən səkkiz İrəvandan şəkil paylaşırdılar. Rusiya Sülhməramlı Kontingenti məqsədli şəkildə göz yumduğundan Qarabağa silah-sursat, şəxsi heyət daşınır, Azərbaycan torpaqlarında 44 günlük müharibədən sonra istehsal olunmuş minalar basdırılırdı. Sərvətlərimiz eynilə torpaqlarımız işğal altında olduğu günlərdəki kimi, talanıraq Ermənistana daşınırdı. Bütün bunlara Laçında NBM quraşdırılmaqla “stop” qoyuldu.

Ermənistan öz işğalçılıq siyasətini davam etdirmək və Xankəndidəki terrorçu çətəsini bəsləmək üçün “Qarabağda 120 min erməninin acıdan ölməsi” barədə qəlp xəbərlər dövriyyəyə buraxdı. Azərbaycan bütün maraqlı tərəflərə bəyan etdi ki, əgər söhbət humanitar yardımlardan gedirsə, mülki əhalinin tələbatlarını qarşılamağa hazırdır, xaricdən gələn yüklər isə Xankəndiyə Ağdamdan keçərək çatdırıla bilər. Ermənilər əvvəlcə, çox güman ki, imitisaya niyyəti ilə bu təkliflə razılaşdılar, ancaq son anda Yevlaxda keçirilməsi nəzərdə tutulan görüşdən imtina etməklə məsələnin heç də humanitar məzmun daşımadığını dolayısı ilə etiraf etmiş oldular. Bununla Nikol Paşinyanın müxtəlif danışıqlarda verdiyi və protokollarda qeydə alınmış “Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil tanıdığı” barədə bəyanatlarına heç də sadiq olmadığı da üzə çıxdı.

Azərbaycanın suveren ərazilərinə Ermənistanın işğalçılıq siyasətinə xidmət edən hərbi təyinatlı malların ixracını dayandırdıqdan sonra bir daha açıq-aşkar bəlli oldu ki, Xankəndidəki qondarma rejimin “müstəqil dövlət” kimi yaşamaq üçün heç bir iqtisadi, sosial, siyasi, hərbi, mədəni resursu yoxdur, seperatizm ancaq Ermənistanın sayəsində ayaqda qalıb. Ağdam-Xankəndi yolunun açılması separatizmin şah damarını kəsir, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin maşınları ilə mülki əhalinin ehtiyacları üçün deyil, 44 günlük müharibədə məğlub edilmiş işğalçı ordu qalıqlarının təminatının qarşısını alır.

Beləliklə, erməni icması üçün iki variant var: ya Ağdam-Xankəndi yolunun işə düşməsinə razı olub, Qarabağdakı erməni icmasının Azərbaycana re inteqrasiyasına mane olmayacaq, ya da sosial partlayış və resursları tükənən işğalçı ordu qalıqlarının qiyamı ilə üz-üzə qalacaqlar.

Bu günlərdə özünü “Artsax Müdafiə Nazirliyi”nin keçmiş rəhbərlərindən biri kimi təqdim edən Senor Hasratyan adlı ehtiyyatda olan bir “polkovnik” İrəvan mediasına açıqlama vermişdi. O, son vaxtlar yenidən “istefa”ya dəvət edilən Arayik Arutyunyana “döyüş təcrübəsi olan zabit və generalları” öz yanına cəmləməyə dəvət edirdi. Bu çağırış Ermənistanın işğalçı ordusunun Qarabağdakı qalıqları ilə Arutyunyan arasında latent konfliktlər olduğunu və çətə liderinə qarşı səsləndirilən “istefa” tələblərinin silahlı qruplaşmar tərəfindən də dəstəkləndiyini göstərir. Çirkli pullar milyarderi, avantürist Ruben Vardanyanın Nikol Paşinyanla yanaşı, Arayik Arutyunyana qarşı cəbhə açması və bunun müqabilində çətə liderinə yaxın “siyasi partiyalar” tərəfindən aşağılanması da bu ehtimalı gücləndirir. Silahlı gücün maliyyə ilə birləşməsi və “Artsaxı xilas etmək” kimi təxribatçı şüarla hərəkət etməsi qiyam vəd edir. Hər halda, Rusiya vətəndaşları olan ermənilərin dünən Qarabağı tərk etməsinin çoxsaylı səbəbləri arasında gözlənilən iğtişaşlar da olmamış deyil.

Xankəndi və çevrəsində bundan sonra hər hansı “seçki”keçirilməsi mümkün deyil, əks halda həmin “səs”ləri Azərbaycan əsgəri sayacaq. Odur ki, Köçəryan və Sərkisyan kimi canilər tərəfindən də dəstəklənəcək qiyam revanşistlər üçün “son şans” kimi görünə bilər. Onu da nəzərə almaq lazımdır ki, Arayikin əlində Nikol Paşinyana qarşı istifadə oluna biləcək çox ciddi “savaş komropamatları” var və Ermənistanın baş naziri belə bir fiqurun həyatda qalmasında maraqlı ola bilməz. Zənnimcə, hələ də Gorusun Goranzur kəndində “texniki baryer” kimi qalan yük maşınlarını həm də bu ehtimal çərçivəsində nəzərdən keçirmək lazımdır.

Bəli, İrəvan mediasında üzə çıxan bu ipucları həm Azərbaycanın siyasi rəhbərliyinin, həm də xüsusi xidmət orqanlarının analitiklərinin diqqətini cəlb etməyə bilməz və yəqin ki, bu istiqamətdə daha mötəbər məlumatlar əldə olunacaq. Bütün hallarda, hadisələrin bu istiqamətdə cərəyan etməsi Azərbaycanı bir an öncə bölgədə anti-terror əməliyyatları aparmağa sövq edir. Lakin bu son zərurət tədbiridir. Heç şübhəsiz, rəsmi Bakı digər mexanizm və alətləri də nəzərdən keçirməlidir və keçirir. Bakı və İrəvan arasında təmaslar xeyli dərəcədə qırıldığından və Nikol Paşinyan üzərinə götürdüyü öhdəlikləri müxtəlif bəhanələrlə yerinə yetirmədiyindən İrəvandan heç bir müsbət gözlənti yoxdur. Ağdam-Xankəndi yolunun açılması üçün əsas təsir və təzyiq birbaşa Xankəndiyə, həm də assimetrik zərbələrlə, Meşəli qətliamı canisi Vaqif Xaçatryanın ələ keçirilməsi kimi gözlənilməz üsullarla edilməlidir.

Üçtərəfli Bəyanatın 7-ci maddəsinə əsasən, 5 il ərzində daxili qaçqınlar və məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıtmalıdırlar. Bəyanatın müddəti bitmək üzrədir, rus sülhməramlıları bu gün sabah çemodanlarını qabqarıb evlərinə dönəcəklər, lakin hələ heç bir azərbaycanlı məcburi köçkün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə qayıtmayıb. Bu məsələ həm BMT, həm də Rusiya qarşısında qaldırılmalı və həll olunmalıdır. Şuşanın Malıbəyli, Kosalar, Xanalılar, Qaragav və digər kəndlərini Laçın şəhəri və Zabux qəsəbəsi kimi geri almağın tam zamanıdır. BMT-nin müvafiq komissarlığının nümayəndələrinə Ağdamda prosesə nəzarət etmək üçün ofis də verilə bilər. Keçmiş DQMV ərazisindəki bir çox kəndlər dağıdılmayıb və əsl sakinlərinin mülkiyyəti ermənilər tərəfindən ələ keçirilib. Qısa zamanda məcburi köçkünlərin öz yurdlarına dönməsi, özləri ilə bölgəyə Azərbaycan qanunlarını da daşıması mümkündür. Üstəlik, azərbaycanlıların öz yurdlarına qayıtması ermənilərin re-inteqrasiyası üçün də həlledici amillərdən biridir.

Taleh ŞAHSUVARLI