- Redaktor masası
- 26 Avqust 2023 09:20
- 11 304
Cəmil Həsənliyə ritorik suallar

Millət vəkili Kamal Cəfərovun məqaləsi
https://www.aznews.az/news/tribune/320514.html
Məmməd Əmin Rəsulzadə ilə bağlı müzakirələri yenidən alovlandırdı. Çox təəssüf ki, Azərbaycanda bəlli bir seqment bu cür əsaslı məqalələrin sağlam müzakirəsinə mane olur, dərhal linçə başlayırlar. Məqaləyə özünü həmin dövrün bilgəsi hesab edən, əslində isə tarixçilikdən daha çox, siyasi konyuktura ilə məşğul olan Cəmil Həsənli də münasibət bildirib və Cümhuriyyətdən, Rəsulzadədən başqa hər şeydən danışıb.
Cəmil Həsənlinin siyasi kimliyinə münasibət bildirmək istəmirəm. Bu günlərdə ADP sədri Sərdar Cəlaloğlu onun siyasi bioqrafiyası ilə bağlı möhür vurub. Məsələyə sırf elmi prizmadan yanaşmaq üçün burada təkrar etməyəcəm. Fəqət olduqca açıq-aşkardır ki, Cəmil Həsənli kimilər Azərbaycan tarixinin gerçəklərinin üzə çıxmasına imkan vermək istəmirlər. Bu da təsadüfi deyil. Çünki xalqın öz keçmişini doğru bilməsi gələcəyini doğru modelləşdirməsinə rəvac verir. Gələcəyə doğru yanaşma Cəmil Həsənli sayaq Azərbaycanda xarici təsir agentləri haqqında qanun olsaydı, onun yuridiksiyasına düşəcək qrantyeyənlərə sərf etmir.
Geçək həmin dövrlə və Rəsulzadə ilə bağlı gerçəklərə.
1. Ermənilərə dövılət yaradılması ilə bağlı M.Ə.Rəsulzadə də daxil olmaqla dövrün bir çox tanınmış şəxsiyyətlərinin Osmanlı hökumətinə xüsusi müraciət etməsi barədə məlumat səhihdir, müzakirə olunmayacaq dərəcədə doğrudur. Sənədlər var, imzalar var. Həmin dövrdə Osmanlı hökuməti "çibanı kökündən təmizləmək üçün" ermənilərə qarşı sərt tədbirlərin görülməsinə tərəfdar idi. Lakin M.Ə.Rəsulzadə də daxil olmaqla bizimkilərdən bir çoxları hesab edirdi ki, erməni dövləti yaranarsa, ermənilərin Milli Şurası legitim hökumətə çevrilərsə, onlarla anlaşmaq mümkün olacaq və bölgədə sülh yaranacaq. Ancaq bu gözlənti özünü doğrultmadı. Hətta Zəngəzur məsələsi gündəmə gələndə Ermənistan hökuməti dedi kİ, silahlı birləşmələr bizim nəzarətimizdə deyil.
Cəmil Həsənlidən soruşuram: Ermənilərin Cənubi Qafqazda dövlət yaratmasının zəruriliyi ilə bağlı M.Ə.Rəsulzadə Osmanlı hökumətinə edilən müraciətə imza atıb, ya atmayıb?
2. Azərbaycan Xalq Cümhuriyyəti yarananda Osmanlı qoşunları artıq Qafqazda, o cümlədən 28 mayda elan olunacaq AXC-nin ərazilərində idi. Osmanlı qoşunlarının Azərbaycana çağrılmasını və Qafqaz İslam Ordusunun M.Ə.Rəsulzadənin adına bağlamağın heç bir tarixi, elmi əsası yoxdur. 1917-ci ilin sonlarında Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanlını- Azərbaycan xüsusi xidmət orqanlarının ilk gələcək rəhbərini- İstanbula getmək üçün təlimatlandırır. Təlimata görə, Şeyxzamanlı özünü Osmanlı hökumətinə "Azərbaycan İstiqlal Komitəsi"nin nümayəndəsi kimi təqdim edərək onlardan hərbi dəstək istəməli idi. Nuru paşa da məhz Şeyxzamanlının xahişi ilə Qafqaz İslam Ordusuna komandan təyin olunur. Bu barədə Nağı bəyin xatirələrində geniş yazılıb. M.Ə.Rəsulzadənin "Azərbaycan İstiqlal Komitəsi"nə nəinki rəhbər, ümumiyyətlə, üzv olması barədə ortada heç bir fakt, sənəd yoxdur. Bu barədə ancaq ehtimallar səsləndirmək olar ki, belə gümanlar da ciddi tarixçi üçün yetərli deyil.
Cəmil Həsənlidən soruşuram: M.Ə.Rəsulzadə ermənilərə qarşı 1917-ci ilədək, 1918-ci ildə AXC elan olunana qədər və ondan sonra hansı hərbi əməliyyatlara rəhbərlik edib?
3. 4 iyun 1918-ci ildə Azərbaycan XC və Dövləti-Aliyə arasında müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən, Osmanlı Azərbaycana hərbi yardım etməli idi. Tarixə "Batum müqaviləsi" düşmüş bu sözləşmənin rəsmi protokolu mövcuddur. Protokol hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən təsdiq olunub. Rəsmi təsdiq olunmuş protokola görə, Batum danışıqlarında AXC nümayəndə heyətinə Milli Şura sədri M.Ə.Rəsulzadə deyil, xarici işlər naziri M.H. Hacinski rəhbərlik edib. Bu protokolu dəfələrlə paylaşmışam, kim istəsə, tapıb baxa bilər. Əgər AXC-nin dövlət başçısı Rəsulzadə olsaydı, onun təmsil olunduğu heyətə nazir başçılıq edə bilməzdi. Bu, aksiomadır. AXC yeni yaransa da, axı Osmanlı qocaman dövlət olaraq protokola həssas idi!..
Cəmil Həsənlidən soruşuram: M.Ə.Rəsulzadə AXC-nin ilk dövlət başçısı idisə, nəyə görə Batumda AXC nümayəndə heyətinə M.H. Hacınski rəhbərlik edirdi?
4. AXC elan olunanda M.Ə.Rəsulzadə Batumda idi. Batumdakı azərbaycanlılar və Osmanlı nümayəndələrinin Gürcüstanın Zaqafqaziya Seymini konkret hansı gün, hansı saatda tərk edəcəyi barədə məlumatları olmayıb. Bu, proqnozlaşdırılırdı, amma bir daha deyirəm, konkret vaxt Batumda bilinmirdi. Bunu da çoxsaylı faktlarla yanaşı, Osmanlının verdiyi ultimatumun Tiflisə Gürcüstan XC elan olunduqdan 3 saat sonra çatması sübut edir. Odur ki, M.Ə.Rəsulzadənin günlər öncə AXC-nin elan olunmasından ümumiyyətlə xəbəri olmayıb. O, Batuma ZFR-i təmsil etmək üçün getmişdi və orada Azərbaycanın istiqlalı üçün çalışmırdı.
Cəmil Həsənlidən soruşuram: M.Ə.Rəsulzadənin "İstiqlal bəyannaməsi"nin müəllifi olması haqqında uydurmanıza heç olmasa bircə ağlabatan, inandırıcı dəlil göstərə bilərsinizmi?
5. M.Ə. Rəsulzadə müstəqillik elan olunduqdan sentyabrın 15-də Bakı azad olunanacan Azərbaycan XC-nin hüdudlarında cəmi 3 gün olub. Bu günlərdəki qrafik bəllidir. Gəncəyə gəlib, Nuru paşa ilə görüşüb, ancaq onunla müzakirə apara bilməyib, Milli Şuranın özünü buraxdığı iclasa sədrlik edib, daha sonra qanunverici və icraedici hakimiyyət səlahiyyətlərinin bir arada cəmləndiyi II Xoyski hökumətinin qərarı ilə diplomatik sürgünə- İstanbula göndərilib.
Cəmil Həsənlidən soruşuram: 3 günə, lap olsun 4 günə dövlət qurmaq üçün Rəsulzadənin əlində Musanın əsası olmalı idi. O əsa indi haradadır?
6. AXC-nin iki rəsmi bayrağı olub. Birincisi qəbul olunanda Rəsulzadənin artıq heç bir səlahiyyəti yox idi. Həmin al qırmızı bayraq Osmanlı Azərbaycanı tərk edəndən sonra dəyişdirildi. Ona görə ki, inglislərin xoşuna gəlmirdi. Üçrəngli bayrağımızda əks olunan ideyaların müəllifi isə Əli bəy Hüseynzadədir.
Cəmil Həsənlidən soruşuram: bu günkü Azərbaycan bayrağı M.Ə.Rəsulzadəyə məxsusdursa, onda cümhuriyyətin ilk və ingilislərin qorxusundan dəyişdirilən bayrağı kimindir?
7. Məmməd Əmin Rəsulzadənin 1917-ci il fevral inqilabına qədər Azərbaycan XC şəklində dövlət müstəqilliyinin elan olunması ilə bağlı heç bir çıxışı, məqaləsi, bəyanatı yoxdur. Ümumiyyətlə, 1917-ci ilə qədər, bir daha təkrar edirəm, 1917-ci ilə qədər Müsavat partiyası ancaq gizli dərnək kimi fəaliyyət göstərib. Hətta yarandıqdan bir müddət sonra fəaliyyətini dayandırıb. Rəsulzadə Bakıdakı Qafqaz Müsəlmanları Qurultayında "Rusiya daxilində ərazi muxtariyyəti" ideyası ilə çıxış edib. Bu barədə onun sədri olmadığı Bakı Müsəlman İctimai Təşkilatları Şurasının tədbirdən öncə xüsusi bəyanatla çıxış etmişdi. Ümumrusiya Müsəlmanları Qurultayında da Rəsulzadə eyni mövqedən çıxış edib. Fəqət həmin qurultayda o rusca danışmadığından əksəriyyət nə dediyini başa düşməmişdi. Buna rəğmən qurultay Rəsulzadənin ifadə etdiyi platformanı dəstəklədi. Natiqin çoxları tərəfindən başa düşülmədiyi qurultayda bu qərar Topçubaşovun sayəsində çıxmışdı. Qafqaz müsəlmanları qurultayının da əsas təşkilatçısı Əlimərdan bəy Topçubaşov idi. 1918-ci ildə həbs olunana qədər Azərbaycan Milli Hərəkatına məhz Topçubaşov rəhbərlik edib.
Cəmil Həsənlidən soruşuram: Əgər 1917-ci ildə Azərbaycan Milli Hərəkatının lideri M.Ə.Rəsulzadə idisə, nədən iyulun 12-də Bakı Müsəlman İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsinə sədr Topçubaşov oldu, Rəsulzadəyə isə müavinlik verildi?
8. Azərbaycan 1991-ci ildə istiqlalını unitar dövlət olaraq qazanıb. Rəsulzadə unatirst yox, konfederalist idi, Azərbaycanın yenidən müstəqillik qazanması üçün Qafqaz konfederasiyasının yaranmasını əsas şərt hesab edirdi. Unitarizm müasir Azərbaycanın Ana Yasasının dəyişilməz prinsiplərindən biridir. Azərbaycanın unitar quruluşunu dəyişmək çağırışı Cinayət Məcəlləsinə əsasən cinayət əməli sayılır. Odur ki, nə dünənki, nə də bu günkü müstəqilliyin arxasında "Rəsulzadə yolu" dayanmır. Dayana da bilməz. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağoğlu, Əlimərdan bəy Topçubaşov MİLLİ CƏBHƏyə ideoloqluq edəndə Rəsulzadə onların və ideyalarının əleyhinə məqalə yazırdı.
Cəmil Həsənlidən soruşuram: Rəsulzadənin İstanbulda mənimsədiyi türkçülük Osmanlıya Çar Rusiyasından Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, İsmayıl bəıy Qaspıralı və çox sayda ziyalıların sayəsində yayılmamışdımı?
9. M.Ə.Rəsulzadə tarixi şəxsiyyətdir, öyrənilməyə və ehtirama layiqdir. Ancaq onun "AXC-nin banisi" elan olunması tarixi təhrif etməkdən başqa bir şey deyil. AXC xalqımızın ictimai fikir müəssisəsinin əsəridir. Rəsulzadə özü də belə deyirdi.
Cəmil Həsənlidən soruşuram: Sən belə Rəsulzadəni tanıyan, dərk edən adamsansa, xeyir ola onun AXC-nin yaranması ilə bağlı olduqca sərrast və obyektiv rəyinə qarşı çıxırsan?
10, AXC işğal olunan ərəfədə Azərbaycanda hökumət böhranı mövcud idi. Bu böhranı M.H. Hacınski vasitəsi ilə bolşeviklər yaratmışdı. Rəsulzadə öz partiyasındakı və partiyasının çoxluqda olduğu parlamentdəki böhranın qarşısını ala bilmədi, almaq üçün ciddi cəhdlər də etmədi, məsuliyyəti öz üzərinə götürüb müqavimət təşkil edə bilmədi.
Cəmil Həsənlidən soruşuram: Nəhayət bir gün birinizin savadı, qabiliyyəti, mənəviyyatı çatıb bu suala cavab verəcəkmi ki, "dövlətin qurucusu" saydığınız şəxs dövlətin işğal faktı ilə üz-üzə olduğu bir zamanda nədən məsuliyyəti öz üzərinə götürmədi?
11. Azərbaycan milli hərəkatına rəhbərlik etmiş, milli istiqlalımızın tanınmasında müstəsna rol oynamış, AXC süqut etdikdən sonra işğal olunmuş dövlətin qanuni təmsilçisi olan Ə.Topçubaşova qarşı məhz Rəsulzadənin təlimatı ilə qarayaxma başlayıb. Azərbaycanın istiqlalının elan olunması təklifinin rəsmi müəlliflərindən olan Xəlil bəy Xasməmmədov Müsavat partiyasından qovulub. "Azərbaycan İstiqlal Komitəsi"nin sözçüsü olaraq İstanbula göndərilmiş Nağı bəy Şeyxzamanlı mühacirətdəki Rəsulzadə tərəfindən qısnanılıb.
Cəmil Həsənlidən soruşuram: Bütün bunlar Stalin "Rəsulzadəyə xaricə çıxmaq üçün niyə imkan yaratdı" sualına cavab tapmaq üçün bir ipucu verir, ya yox?
Taleh ŞAHSUVARLI