“Azər-Ross“un sahibinin qatilinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azər-Ross" MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Vüsal Qurbanov Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə keçirilib. Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin qərarı ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Hümbət Məmmədov və Vüsal Qurbanova ömürlük cəza, Tofiq Bəkirova 15 il, Fərman Hacıyev 14 il 6, Sahil Şamilov və Şamil Şamilov qardaşlarının hər birinə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi.

İttihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin rəhbər şəxsləri - Hümbət Məmmədov və Fərman Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər.

Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb. Və onların heç birinə mənzil verilməyib.

AzNews.az