İt yaşlı qadını parçaladı

Paytaxtda it yaşlı qadını parçaladı. Hadisə Zərifə Əliyeva küçəsi ev 59, mənzil 13-də baş verib. Belə ki, 83 yaşlı Suğra Eldarovaya evində qızının saxladığı pitbul cinsindən olan it hücum edib. İti isə Suğra xanımın kinoloq kimi çalışan qızı Tamilla xanım saxlayırmış.

Tamilla xanımın sözlərinə görə artıq 1 ildən çoxdur ki, müəyyən qədər pul qarşılığında qonşusunun itinə baxırmış. O, deyir ki, 13 yaşından itlərlə işləyir və saxladığı bu itlə bağlı indiyə qədər heç bir problem yaşamayıblar. Elə bunun üçün iti bağlamadan, evdə rahat şəkildə saxlayıblar.

Hadisə baş verən gün isə qızı evə qayıdan zaman anasını qan içində huşsuz halda yerdə uzanmış vəziyyətdə aşkar edib. Tamilla xanım deyir ki, hadisədən sonra itin yiyəsinə köməklik etməsi üçün müraciət də edib. Amma onlar kömək etməkdən boyun qaçıraraq iti də götürüb çıxıb gediblər.

Zərərçəkənin qızı hal hazırda vəziyyəti ağır olduğundan müsahibə verə bilməyəcəyini söylədi.

Ölümcül vəziyyətdə olan qadını isə elmi-tədqiqat travmatologiya və ortopediya institutuna yerləşdiriblər. İt Suğra Eldarovanın hər iki qolunu sümüyünə və yumşaq toxmalarına qədər parçalayıb. Qadının vəziyyəti ağır olduğundan həkimlər iclas keçirərək, hər iki qolunu xilas etmək mümkün olmayacağına qərar alıblar. Nəticədə 83 yaşlı qadının hər iki qolu amputassiya edilməli olub.

Həkim Aleksandr Paulker əməliyyatın normal keçdiyini deyib: "Əməliyyat normal keçdi. Hər iki əli 30 dəqiqəyə amputasiya etməli olduq. Çiyindən aşağı əlini kəsib götürdük. Xəstə hal hazırda reanimasiyadadır. Vəziyyəti isə stabildir".

Həkimlərin sözlərinə görə yaralı iki gündən sonra reanimassiya şöbəsindən ümumi palataya keçirilə bilər. Suğra xanımın həyatı üçün isə heç bir təhlükə yoxdur.(ANS PRESS)