Ruhi xəstəxanadan qaçan şəxsdən silah götürüldü

Noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçanlardan daha biri tutulub.


Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 26-da axtarışda olan Razim Hacıyev də paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılıb.

Baxış zamanı R.Hacıyev və onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, içərisində 29 ədəd patonu olan 1 ədəd sandıqça, 1 ədəd pnevmatik tapança və 1 ədəd süngü bıçaq aşkar edilərək götülüb.

Hazırda mühafizə altından qaçmış digər şəxslərin yerinin müəyyən edilərək tutulmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin mühafizə altından qaçmaları faktına görə Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Elvin Nəsrullayev noyabrın 23-də saxlanılaraq 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

AzNews.az