Lökbatandakı kütləvi zəhərlənmə ilə bağlı - Son məlumat

Lökbatanda kütləvi zəhərlənməyə səbəb olan qaz iyinin çəkilməsi ilə həyəcan da sovuşub. Artıq hadisə ilə bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.

Lökbatan qəsəbəsində baş verən zəhərlənmə hadisəsindən 115 nəfər zərər çəkib. Onlardan 75 nəfərinə yerindəcə tibbi yardım edilib, 45 nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda bütün xəstələr ambulator müayinəyə buraxılıb. 1 nəfərin öldüyü deyilir. Nataşa Məmmədova yaşadığı evdə huşsuz vəziyyətdə aşkarlanıb. Kəskin qoxu qəsəbənin bütün ərazisində hiss edilib. Bu səbəbdən bir çox sakinlər evdə gecələməyiblər. Hələ də bəzi binaların pəncərələrini açıq görmək olar.

"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qəsəbəyə səfərbər olaraq hadisənin səbəblərinin araşdırmağa başlayıblar.

"Qazın verilişi dayandırılandan sonra borularda sızmanın olub olmadğını yoxlamaq üçün qazın tərkibinə odorant qatı qatıblar, görünür bu da bəzi sakinlərin səhhətində problemlər yaradıb,zəhərlənən şəxslərin əksəriyyəti bu küçədə yaşayan sakinlərdir".

Bəs zəhərlənməyə səbəb olduğu deyilən odorant nədir? Latıncadan tərcümədə odor - iy deməkdir. Təbii qaza xarakterik qoxu vermək üçün əlavə olunan kimyəvi birləşmədir. Yüksək konsentrasiyada bütün odorantlar zəhərlidir. Lakin təbii qaza hiss olunan qoxu vermək üçün odorant az miqdarda əlavə olunmalı və insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilməməlidir.

Ekspert Nüsrət Qasımov hesab edir ki, Azərbaycanda mavi yanacağın tərkibinə vurulmalı olan kimyəvi maddələr normadan çox qatılır və bu da təhlükə yaradır.

"Azəriqaz" İstehsalat Birliyində isə ekspertin fikri ilə razılaşmır, bildirilir ki, istehlakçılara verilən təbii qaz standartlara cavab verir.(ANS)