Bakıda quldurluq edən maskalılar tutuldu

Bakıda quldurluq etmiş maskalı dəstənin daha bir neçə üzvü tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 4-də Yeni Suraxanı qəsəbə sakini Elmira Məmmədovanın evinə daxil olan maskalı şəxslər ev yiyəsini tapança və xəncərlə hədələyərək 16000 manat pul alıb gediblər.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəxslər, Salyan şəhər sakini Rauf Rəhimov, Balakən rayon sakini Təvəkkül Seyidov, Lənkəran şəhər sakini Rauf Mahmudov, Bakı şəhər sakinləri Tacəddin Qafarov, Kənan Alıyev və Tural Əsgərov tutulub, cinayətin digər iştirakçısı Lənkəran şəhər sakini İbrahim Miriyevin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilib.

Nəhayət, Suraxanı Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Miriyev yaşadığı Hövsan qəsəbəsindəki evdə tutulub, həmin ünvanda onunla birlikdə yaşayan Emil Hüseynov və əvvəllər məhkum olunmuş Rəşad Ağayev şübhəli şəxs qismində saxlanılıblar. Axtarışlar zamanı qeyd olunan mənzildən quldurluqda istifadə olunan 4 ədəd qara maska, 1 ədəd kəlbətin, 1 ədəd skoç, 2 cüt qara əlcək və 1 ədəd tibb əlcəyi götürülüb. Bundan əlavə, E.Hüseynovdan 6,75 qram həşiş qətranı, R.Ağayevin yaşadığı H.Aslanov küçəsindəki evdən isə "Naqan" tipli tapança və 1 ədəd "Makarov" tapançasına aid patron aşkar olunub.

AzNews.az