“İntizam Komitəsi həmişə “Neftçi“ni himayə edib“

"Xəzər Lənkəran" klubu dünən AFFA İntizam Komitəsinin Azərbaycan kubokunun final oyunundan sonra baş verən qarşıdurma ilə əlaqədar verdiyi qərarlarla qəti sürətdə narazılığını bildirib.

"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Qafqazinfo"ya açıqlamasında klubun İntizam Komitəsinin verdiyi heç bir qərarla razı olmadıqlarını deyib: "İntizam Komitəsi həmişə "Neftçi"ni himayə edib, onun lehinə qərarlar qəbul edib. Bizim futbolçularımızın Rodomir Todorovla, Elnur Allahverdiyevin 6 oyun cəza alması heç bir məntiqə sığmır. Davanın əsas səbəbkarı "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç 3 oyunluq cəza alır, bizim aranı sakitləşdirmək, davanı yatırmaq istəyən futbolçularımız isə 6 oyun cəza alırlar. Bu hansı məntiqə sığır? Millinin şərəfini qoruyan, üzərində 3 rəngli bayraq olan formanı daşıyan, onun uğurları üçün tər tökən Kamran Abdullazadənin tökülən qanını İntizam Komitəsi 82.000 manatla yumaq istəyir? Ən gülünc qərarlardan biri də odur ki, İntizam Komitəsi "Neftçi"nin təhlükəsizlik xidmətinin rəisi Vaqif Hüseynovu 12 oyunluq cəzalandırır. Mən başa düşə bilmirəm, məgər Vaqif Hüseynov futbolçudur? Biz bütün bu haqsız qərarlara qarşı öz narazılığımızı bildirəcəyik. Biz verilən qərarlardan apelyasiyaya şikayət edəcəyik"

AzNews.az