Deputat: "Türk Dövlətləri İnvestisiya Fondu münasibətləri daha da dərinləşdirir"

“Üzv ölkələr investisiya fondunun vəsaitlərindən nəqliyyat logistikası, biznesin inkişaf etdirilməsi üçün istifadə edə bilərlər”

Bunu AzNews.az-a Türk Dövlətləri İnvestisiya Fondunun yaradılması ilə bağlı danışarkən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O əlavə edib ki, Türk İnvestisiya Fondunun yaradılması haqqında qanun müzakirə olunub və təsdiq edilib:

"Birinci növbədə qeyd etmək lazımdır ki, artıq Türk Dövlətləri Birliyinin bir çox parlamentlər arası əlaqələri var. Digər tərəfdən getdikcə bu qurum daha da intensiv şəkildə birləşir. Mədəni, siyasi əlaqələrin fonunda böyük bir əməkdaşlıq yaranır. Bütün layihələrin həyata keçirilməsi üçün isə ona maliyyə dəstəyi lazımdır".

Deputat qeyd edib ki, fond maliyyə dəstəyi və əməkdaşlığın bir üst səviyyəyə keçməsi baxımından hədsiz dərəcədə əhəmiyyətlidir:

"Üzv ölkələr investisiya fondundan nəqliyyat logistikası, biznesin inkişaf etdirilməsi üçün istifadə edə bilərlər. Fondun vəsaiti hələlik 500 milyon dollar həcmində müəyyənləşdirilib. Çox güman ki, getdikcə fondun vəsaiti artacaq. Ən başlıcası ondan ibarətdir ki, burada bir konkretlik var. İqtisadi əlaqələr, birgə investisiya qoyuluşu münasibətləri daha da dərinləşdirir. Eyni zamanda ortaya konkret bir əməkdaşlıq forması çıxır”.

Rəşid Qarayev