Prezidentin Moldova səfərinin iqtisadi tərəfləri - AÇIQLAMA

Prezident İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşü zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğundan söz açıb. Eyni zamanda iki ölkə arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib.

İqtisadçı-ekspert Xalid Kərimli AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Moldovada üzümçülük sahəsinə investisiya imkanları ön plandadır.

O qeyd edib ki, Azərbaycan şirkətləri Moldovada müəssisələr qurub. Bu da Avropa bazarına çıxarılması kimi məsələlərə yaxşı təsir göstərir:

"Azərbaycan Rumınıyaya, Macarıstana elektrik enerjisinin ixracı haqqında düşünür. Bu sahədə Moldova da müştərilərimizdən biri ola bilər. Elektrik enerjisinin satışı bazarlarının diversifikasiyası, münasibətlərin formalaşdırılması baxımından yaxşı fürsətdir. Burada ciddi dəyişiklikər gözləməməliyik”.

Ekspert əlavə edib ki, Azərbaycanın məqsədi 4 geqavatlıq elektrik enerjisini Qara dənizin dibində Gürcüstan ərazisindən keçməklə Ruminiya və Macarıstana satmaqdır:

“Rumınıyaya ixrac çərçivəsində Moldovaya elektroenerji məhsullarının ixracı gələcəkdə mümkündür. Bu, satış bazarlarımızı diversifikasiya edə bildiyimizə görə yaxşıdır. Elektrik enerjisinin daha çox ölkəyə ixrac etmək bizim üçün önəmlidir. Yaxın gələcəkdə Azərbaycan bu istiqamətdə işləri həyata keçirmək üçün müəyyən işlərə başlayıb. İstehsalın təşkili ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə əməkdaşlıq edilir. Satış bazarına mümkün qədər çox alıcı dəvət etməliyik ki, layihələr rentabelli olsun”.

Ayan Rzayeva