Yeni kombaynların gətirilməsi yubanir - Video

ANS-in bu yay taxıl biçinində yaşanan texnika çatışmazlığı məsələsini gündəmə gətirməsinin ardınca, ölkə prezidentinin bu problemin aradan qaldırılması üçün ayırdığı 15 milyon manatın hara xərclənməsi ilə maraqlanmışıq. Həmin vəsaitə 150 yeni kombayn alınmalı idi, bu məsələ Kənd Təsərrüfatı Nazirliyinin Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı.

Hazırda ölkədə 2000 kombayn var ki, bununda 1136 sini Aqrolizinq Səhimdar Cəmiyyəti gətirib. Amma mövcud texnikanın heç də hamısı işlək deyil. Mütəxəssislərin hesablamalarına görə, ölkədə 3000-ə qədər saz kombayn olsa bu tələbatı ödəyər.

Prezidentin ayırdığı 15 milyon manat hesabına alınmalı olan 150 ədəd kombaynın ölkəyə gətirilməsi ləngiyir. Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti ilkin olaraq kombaynların sentyabrın sonunda Azərbaycana gətiriləcəyini açıqlamışdı. Amma indi yeni tarix açıqlanıb. Taxilbiçən texnikanın gətirilməsi oktyabr ayından dekabr ayının 15 nə kimi başa çatacaq gecikmənin səbəbi isə belə izah olunur.

Kombaynları Finlandiyanın Sampo şirkəti istehsal edəcək. Səhmdar Cəmiyyət bir neçə ölkənin kombayn istehsalçıları arasından məhz bu şirkətin seçilməsini bir neçə amillə izah edir. Qonşu ölkələrin istehsalçılarının bəzilərinin keyfiyyət, bəzilərinin isə qiymət baxımından sərfəli olmadığı bildirilir. Sampo şirkətinin 1 kombaynı 100 min manata başa gələcək. Texnikanı lizinqə alarkən fermerlər ilkin ödəniş kimi 10 %-i əvvəlcədən və qalan 90 % 10 il ərzində ödənilməlidi.

Ekspertlər də hesab edirlər ki, əslində Sampo kombaynları keyfiyyətinə və məhsuldarlığına görə yaxşi seçimdir. Bu texnika ildə 400 hektardan artıq sahəni biçə bilər. Lakin bu kombaynların qiyməti baha, Azərbaycanda isə fermerlərin əksəriyyətinin taxıl sahələrinin kiçik olduğunu nəzərə alanda düşünməyə əsas var.

Ekspert, Vahid Məhərrəmov: bildirdi ki, "Bu texnikadan maksimum istifadə etmək lazımdır ki, gəlir götürmək mümkün olsun. Böyük sahələrdə istifadə etmək lazımdır. Əks halda xeyir götürmək mümkün olmayacaq".

Nəzərə alsaq ki, kombaynlar ildə cəmi 1 aya yaxın istifadə olunur, onda alınan texnikadan səmərəli istifadənin nə qədər vacib olduğu aydin olar.