Azərbaycanlı deputat Saakaşvili ilə görüşdü

"Saakaşvili harada olmasından asılı olmayaraq, hər an Gürcüstanın gələcəyi üçün mübarizə aparır"

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov ölkənin sabiq prezidenti Mixail Saakaşvili ilə görüşüb. O bu barədə öz feysbuk profilində fotolar paylaşıb.

Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasından millət vəkili olan A.Süleymanov “Yeni Müsavat”a görüş barədə sensasion açıqlamalar verib.

- Azər bəy, Saakaşvili ilə görüşünüz hansı zərurətdən doğdu?

- Onunla tez-tez görüşürəm. Bu görüş ilk və son deyil. Həm partiyamın lideri, həm də dostum kimi görüşdüm. Hansısa səbəbdən olmadı. İldə 1-2 dəfə görüşürük.

- Sirr deyilsə, görüşdə nələrdən danışdınız?

- Bir ildən artıq idi ki, görüşümüz alınmırdı. Bu görüşdə daha çox Gürcüstandakı problemlərdən, ölkə daxilindəki siyasi durumdan, Azərbaycan-Gürcüstan münasibətlərindən danışdıq. Saakaşvilinin gələcək planlarından da söz açdıq. Çox maraqlı görüş oldu. Saakaşvili gələcəkdə Gürcüstan və Ukraynada nə işlər görəcəyindən də danışdı. Mən onunla 20 ildir dostluq edirəm. Biz 90-cı illərdən parlamentdən tanışıq. Mənimlə yanaşı bir qrup azərbaycanlı ilə də görüşdü. Şam yeməyinə dəvət olunduq. Azərbaycana qarşı öz sevgisini, minnətdarlığını bildirdi. Həmçinin Azərbaycan və onun prezidentinin yanında olduğunu da ifadə etdi. Çox təəssüf ki, indiki Gürcüstan hakimiyyəti daha çox bunu başa düşməyən qüvvələrdən ibarətdir.

Gürcüstan iqtidarı ölkəni uçuruma aparır. “Gürcü Arzusu” və gürcü iqtidarı barədə söhbətimiz də oldu.

- Gələcək planlar dediniz. Saakaşvilinin bu planları nədən ibarətdir? Azərbaycan ictimaiyyətinə də sualın cavabı çox maraqlıdır...

- Onun gələcək planları hələlik Ukrayna ilə bağlıdır. Təbii ki, Gürcüstana qayıtmaq istəyi yenə də əvvəlki kimidir. Bu istiqamətdə işlər görür. Gürcüstanda Saakaşviliyə 7 maddə ilə cinayət işi qaldırdılar. Amma indiki gürcü iqtidarı ölkənin büdcəsini taladı. Saakaşvilinin ən böyük arzusu Gürcüstana qayıtmaqdır. Amma bu gün reallığında hələ ki bu mümkün deyil. Çünki onun barəsində həddindən çox saxta işlər görüblər. Onun Gürcüstana qayıtmaması üçün əllərindən gələn hər şeyi ediblər. Saakaşvili həbsdən belə qorxmur. Hər an Gürcüstana gəlməyə hazırdır. Bugünkü hakimiyyət onu qəbul etməyə hazır deyil. Çünki bilirlər ki, onun gəlişi ölkədəki ab-havanı bir anda dəyişəcək. Saakaşvili harada olmasından asılı olmayaraq, hər an Gürcüstanın gələcəyi üçün mübarizə aparır. Onun ölkəsinə üzümüzə gələn parlament seçkilərindən sonra qayıda biləcəyini düşünürəm. Bəzi məsələlər var ki, onlar barədə hələ ki açıqlama vermək istəmirik. Yaxın zamanlarda yəqin ki, mümkün olacaq.

- Onun özü bu barədə nə düşünür? Siz də Saakaşvilinin tezliklə Gürcüstana qayıdacağına ümid edirsinizmi?

- Bəli, çox inanırıq. Saakaşvilisiz Gürcüstanın gələcəyi yoxdur. O, bu gün lokomotiv rolunu oynayır. Bu gün Gürcüstanın ona çox böyük ehtiyacı var. Seçkilərə çox az qalıb. İvanişvili iqtidarının sonunun çatdığını deyə bilərik. Seçkilərə qalan bir il müddətində “Gürcü Arzusu”nun hakimiyyəti əlində saxlayacağına inanmıram. Gürcü əhalisinin xahişi ilə o hakimiyyətə qayıdacaq.

- Görüş zamanı Saakaşvilinin sizlərə tapşırıqları oldumu? Partiyasının Gürcüstandakı fəaliyyətindən razıdırmı? Çünki son seçkilərdə şok məğlubiyyətlər alıb...

- Artıq XXI əsrdir. Bu əsrdə dünyanın harasında olmasından asılı olmayaraq internet üzərindən tapşırıqlar vermək mümkündür. Saakaşvili bu gün partiyamızın faktiki liderdir. Görüşdə partiyanın fəaliyyəti və hazırda Gürcüstan siyasətində tutduğu yerlə bağlı xeyli söhbətlərimiz oldu. Gələcək planlarımız zəngindir. Ən böyük planımız odur ki, Gürcüstan krizisdən necə çıxara bilərik. Biz qurmağı bacarırıq, uçurmağı deyil. Hər kəs bilir ki, bu gün Gürcüstanın saxta prezidenti mövcuddur. Son prezident seçkiləri bunu bir daha sübut etdi. Özlərinə səslər yazdılar. Hazırkı iqtidar daxili və xarici siyasətdə Gürcüstanı bataqlığa aparır. 2020-ci il bizim üçün həlledici olacaq. Gələn il qalib gələcəyimizə inanırıq.

- Saakaşvilinin Gürcüstandakı son etiraz aksiyalarına münasibəti necədir?

- Belə aksiyalar artıq xalqın xeyrinə çevrilib. Aksiyalarla xalq istəyinə nail olmağı bacarır. Son istefalar bunu sübut etdi. Bu gün Gürcüstanı Rusiyanın kriminal dairələri idarə edir. Gec-tez bu sistemi mütləq dəyişəcəyik. Artıq Gürcüstanda tək bizim tərəfdarlar etiraz etmir, bütün xalq narazıdır. Sonda istəyimizə nail olacağıq.

- Rusiyada hazırda etiraz aksiyaları keçirilir. Saakaşvilinin düşüncəsi bu barədə necədir?

- Rusiya artıq bataqlıqdadır. Orada insanlar artıq bu şəkildə yaşaya bilmirlər. Hər kəs öz etirazını ifadə edir. (“Yeni Müsavat”)