Zəlimxan Yaqubun yerinə kim gətirilir? – Aşıqlar arasında gərginlik

Azərbaycan Aşıqlar Birliyi qurultaya hazırlaşır.


AzNews.az xəbər verir ki, birliyin VI qurultayı yaz aylarında keçiriləcək. Hazırda qurultayla bağlı hazırlıq işlərinə başlanılıb.

Məlumata görə, öncə birliyə sədrin səlahiyyətlərini müvəqqəti icra edəcək şəxs təyin olunacaq. Bu isə Xalq şairi, Aşıqlar Birliyinin mərhum sədri Zəlimxan Yaqubun 40 mərasimindən sonra baş tutacaq. Bundan sonra isə sədr postu üçün namizədlər irəli sürüləcək.

Xəbərə görə, Z.Yaqubun yerinə iddialı namizədlərin sayı çoxdur. Onların arasında professor, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin I katibi Məhərrəm Qasımlı, Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Xalq yazıçısı Mövlüd Süleymanlı və Azərbaycan Aşıqlar Birliyinin mətbuat katibi Musa Nəbioğlu da var. Lakin M.Qasımlı xəstə olduğu üçün namizədlikdən imtina edib.

Aşıqlar Z.Yaqubun yerinə Q.Paşayevin namizədliyini dəstəkləsələr də, M.Nəbioğlu Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqələrini daha sıx şəkildə qurmağa çalışır. Aşıqların bir qismi isə Mövlüd Süleymanlı ilə işləməyə üstünlük verir.

Qeyd edək ki, Azərbaycan Aşıqlar Birliynin V qurultayı 2008-ci ildə keçirilib. Həmin vaxt Z.Yaqub birliyə sədr seçilib. Növbəti qurultayın vaxtının uzadılmasına səbəb isə Z.Yaqubun xəstə olması olub.

Bahar RÜSTƏMLİ
AzNews.az