Görkəmli aktrisa Amaliya Pənahova dünyasını dəyişib. Görkəmli aktrisa Amaliya Pənahova dünyasını dəyişib.

Xalq artisti Amaliya Pənahova vəfat etdi

Görkəmli aktrisa Amaliya Pənahova dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, xalq artisti Amaliya Pənahova vəfat edib.

A.Pənahova Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi idi.

O, 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.

1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilib.

1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuşdu və universitetin professoru idi. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışıblar.

Prezident təqaüdçüsü olub. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Amaliya Pənahova 8 noyabr 2018-ci ildə vəfat edib.

Aktyor Yusif Muxtarovun həyat yoldaşı olub.

Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

AzNews.az