Azərbaycan muğamı San Dieqoda nümayiş olundu - VİDEO

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində Azərbaycan muğamı konserti keçirilib. Bu barədə AzNews.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluğumuzun təşəbbüsü ilə elan edilmiş ˝Kaliforniyada Azərbaycan Muğamı Ayı˝ çərçivəsində təşkil olunan konsert NASA tərəfindən 1977-ci ildə kosmosa göndərilmiş Voyager kosmik aparatına bərkidilmiş "Qızıl Val"a Azərbaycan muğamının da daxil edilməsinin 35-ci ildönümünə həsr edilib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, muğamın Azərbaycan xalqının milli sərvəti olduğunu qeyd edib. Səfir qədim muğam ənənələrinin qorunub-saxlanılması və təbliği üçün Azərbaycanda görülən böyük işlərdən danışıb.

NASA-nın Kaliforniyada yerləşən tanınmış JPL elmi mərkəzinin yüksək rütbəli əməkdaşı Torrens Conson isə Voyager kosmik aparatı və "Qızıl Val" haqda ətraflı təqdimatla çıxış edib.
Sonra Voyager "Qızıl Val"ına daxil edilən, balabanda ifa edilən ˝Şur˝ muğamı ölkəmizin gözəl guşələrinin video-görüntülərinin müşayiəti ilə səsləndirilib. Azərbaycan muğam ustaları, o cümlədən xanəndələr Aytən Məhərrəmova, Vüsalə Musayeva və İlkin Əhmədov, eləcə də instrumentalistlər İmamyar Həsənov (kamança), Elşən Qasımov (nağara) və Rüfət Həsənov (tar) rəngarəng Azərbaycan muğamlarını ifa etmişlər. Xüsusilə, ˝Sarı Gəlin˝ və ˝Qarabağ Şikəstəsi˝ tamaşaçıların gurultulu və ayaqüstü alqışları ilə qarşılanıb. Konsertdə San Dieqodakı konsulluq korpusunun nümayəndələri, elm, təhsil və mədəniyyət ocaqlarının təmsilçiləri, jurnalistlər, Azərbaycan, İran, yəhudi və başqa icmaların üzvləri və digər şəxslər iştirak ediblər.



Vasif Həsənli
AzNews.az