Əməkdar artist: “ATV iti-qurdu üstümə hürdürür” - QALMAQAL

Əməkdar artist Əli Nur ATV-də yayımlanan "Öz aramızda" verilişində son vaxtlar onun ətrafında baş verənlərin müzakirə olunmasına sərt etirazını bildirib.

Aktyor AzNews.az-a açıqlamasında telekanalı qeyri-peşəkarlıqda və birtərəfli mövqe tutmaqda qınayıb: "ATV kanalı mənim problemimi şouya çevirib, iti-qurdu, çaqqal-çuqqalı niyə üstümə hürdürür?".

Əli Nur hesab edir ki, nəinki ATV-nin, ümumiyyətlə, bütün telekanalların bu məsələylə bağlı tutduğu mövqe yanlışdır: "Əgər siz bu problemi həll etmək istəyirdinizsə, Ramiz Novruzla məni dəvət edib üzbəüz gətirməliydiniz. Biz də ictimaiyyət qarşısında öz problemimizi çözərdik. Axı hansısa Əliqulu kimdir, məni orada müzakirə etsin? Mənim 150 rolum var ki, onun 50-I fonddadır. Ay Əliqulu, ay Vəliqulu, ayıbdır sizin üçün. ATV, ayıbdır başqa şou düzəldin. Çıxaram ora, mənə deyilən bütün yalançı ittihamları sənədlə yayaram. Əliqulu deyir ki, "Azdrama"nın bütün tamaşalarına baxıb, amma məni görməyib. Ay bədbəxt, get teatrşünas İlham Rəhimlinin kitablarını oxu. Bu məsələyə son qoyun. Nə mən, nə də akademik teatr şou deyil".

Əməkdar artist "Öz aramızda" verilişində onun ünvanına sərt fikirlər səsləndirən tanınmış xanəndə, xalq artisti Canəli Əkbərovu da cavabsız qoymayıb: "Canəliyə bax, çıxıb deyir ki, ayıbdır Əli Nura, ona yaraşmır. Əli Nur niyə belə hərəkət edib? Mən bəyəm Ramiz Novruz, yaxud da başqa sənət yoldaşım haqda danışmışam? Onlar mənim adımı çəkib. Ay Canəli, sən məni tanımırsan, elmimə bələd deyilsən. Tanımadığın adam haqqında niyə danışırsan? Sənin sabiq rektorun Timurçin Əfəndiyev deyirdi ki, "Əli kaş sən mənim prorektorum olaydın". Canəli, Timurçin bunu sənə deyil ha, mənə deyib. Canəli Əkbərov deyir ki, 2009-cu ildə muğam haqqında məqalə yazıb. Ay Canəli, bilmirsənsə bil, sənin kimi professor dura-dura, Mədəniyyət və Turizm Nazirliyi ikinci muğam festivalının ssenarisini mənə yazdırıb. Ayıbdır! Haqqımda söz deyə bilməzsən".


AzNews.az məsələ ilə bağlı Canəli Əkbərovun da mövqeyini öyrənib. Sənətkar qısaca olaraq bunları deyib: "Əli Nuru yaxşı tanıyıram. Əvvəla inanmıram ki, o, mənim barəmdə belə fikir söyləsin. İkincisi isə onun mənim barəmdə belə fikir söyləməyə cəsarəti çatmaz".

Bahar Rüstəmli
AzNews.az