Teatra kinodan daha çox vəsait ayrıldı



Gələn ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər fəaliyyət xərcləri üçün 288,1 mln. manat ayrılması gözlənilir. Bu isə 2012-ci illə müqayisədə 33,3 milyon, 2011-ci ilin faktiki icrasına nisbətən 95,5 milyon manat çoxdur.

Bu vəsaitin 134,1 mln. manatı və ya 46,5 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, 65,3 mln. manatı və ya 22,7 faizi radio, televiziya və nəşriyyat, 88,7 mln. manatı və ya 30,8 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizm və digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönəldiləcək.

Büdcə vəsaitinin 88,5 mln. manatı müvafiq dövlət proqramlarının və ünvanlı tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. O cümlədən "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2011-2015-ci illər)"nın maliyyə təminatına 20,1 mln. manat sərf ediləcək.

Əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşməsinə 9,7 mln. manat ayrılacaq.

"Azərbaycan teatrı 2009-2019-cu illər" Dövlət Proqramı"nın tətbiqinə 9,8 milyon, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasına 6,5 mln. manat ayrılması da büdcə layihəsində nəzərdə tutulub.

Elnarə Əlosmanqızı
AzNews.az