- Qanundan kənarda
- 15:22
- 1 676
Dövlət xadimlərinin adından saxta müraciətlər hazırlamaqda təqsirləndirilənlərin məhkəməsində zərərçəkənlər dindirilib

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlamaqda təqsirləndirilən kibercinayətkar şəbəkənin üzvləri Sərdar Niftalıyev və Rafiq Zöhrabovun cinayət işi üzrə məhkəməsi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkən Ülkər Xəlilova ona votsapdan Fiona adında bir qadından mesaj gəldiyini bildirib:
"Mesajda "Aliexpress"ə bənzər platforma yaratdıqlarını və onu inkişaf etdirmək üçün dəstəyə ehtiyac duyduqları yazılmışdı. Dedilər ki, göndərilən postları bəyənərək pul qazana bilərəm. İlk vaxtlar belə ödənişlər aldım və istifadə edə bildim. Daha sonra mənə link göndərdilər. Oradan qeydiyyatdan keçərək şəxsi və kart məlumatlarımı daxil edib hesab açdım. Məni teleqram platformasına yönləndirib oradan tapşırıq verirdilər. Onlara bir müddət 50, 100, 300 manat məbləğlərində pullar göndərdim. Bütün pullarım həmin hesabda artımla görünürdü. Pullarımı çıxarmaq istəyəndə problem yarandı".
Zərərçəkən deyib ki, problemə səbəb kimi şərtləri düzgün yerinə yetirmədiyi söylənilib:
“İki deyil, bir məhsul almışam və bu səbəbə görə "qara siyahı"ya düşmüşəm. Əlavə pul istədilər. Daha sonra Rafiq Zöhrabovun hesabına iki dəfə 1400 manat göndərdim. Sərdar Niftalıyevə də pul göndərmişəm. Ümumilikdə 4080 manat pul tələb edirəm".
Digər zərərçəkən Elvar Məmmədzədə qeyd edib ki, ona da votsapdan Anna adında qadından iş təklifi gəlib:
"Göndərilən linklərə ödəniş edərək pul qazanacaqdım. Həmin linkə daxil olaraq şəxsi məlumatlarımı əlavə etdim və kartımla hesab açdım. Hesabımda görünən pulları çıxarmaq istəyərkən alınmadı. Ümumilikdə 1600 manat ödəniş etmişdim. Dedilər ki, Rafiq Zöhrabovun kartına əlavə pul göndərməliyəm. Üç mərhələ ilə 2000 manat göndərdim. Ümumilikdə 7600 manat pul tələb edirəm. Bu işdə Yavər adında bir nəfər də vardı. Hazırda istintaqı aparılır. Mən ondan da şikayətçiyəm".
Proses mayın 22-də davam etdiriləcək.
Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.
Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.