Füzulidə tikiləcək hava limanının hansı perspektivləri olacaq? - Şərh

Turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Füzuli rayonunda hava limanının təməlini qoyub. Füzuli rayonunda beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından yeni imkanlar yaradacaq:

“Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq”.

Deputat əlavə edib ki, hava limanı eyni zamanda yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir:

“İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir. Füzuli rayonuda formalaşdırılacaq infrastruktur Azərbaycanın Qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat dəhlizinin bir elementinə çevriləcək. Bu dəhliz isə “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizinə inteqrasiya olunacaq. Bu isə Füzuli rayonundakı hava limanın əhəmiyyətini daha da artıracaq. Hava limanının inşası eyni zamanda xarici investisiyanın cəlb edilməsi baxımdan da vacib hesab olunur və nəticədə Qarabağımıza daha çox sərmayənin yönəldilməsi müşahidə edəcəyik”.

Səidə

AzNews.az